BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti dayandırıldı.
Xarici İşlər Nazirlyinin (XİN) məlumatına görə, bu münasibətlə nazir Ceyhun Bayramovla UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı qəbul edib.
Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərirdi.
Azərbaycanda son dövrlərdə bəzi beynəlxalq təşkilatların fəaliyyəti məhdudlaşdırılıb.
Bu ilin martında “Caliber.az” yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.
Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.
XİN-in 2025-ci il martın 3-də yaydığı məlumatda isə deyilirdi ki, nazir Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonla görüşdə bildirib ki, Bakı BMT ilə əməkdaşlıqları yeni dövrün reallıqlarına uyğun nəzərdən keçirir.
Martda Azərbaycanda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəliyi bağlanıb.
Mayın 2-də isə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması xəbərləri yayılıb.
Mayın 5-də də BMT-nin Əhali Fondu (UNFPA) da Azərbaycanda fəaliyyətini dayandırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR) isə mayın 6-dan Azərbaycanda fəaliyyətini dayandırıb.