9 beynəlxalq media təşkilatı həbsdə olan “Abzas Media” jurnalistlərinə qarşı pis rəftarı pisləyən bəyanat yayıb.
İyulun 29-da yayımlanan birgə bəyanatda təşkilatlar jurnalistlərə qarşı “artmaqda olan pis rəftardan dərin narahatlıq” keçirdiklərini bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.
“Biz tələb edirik ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etsin, dərhal tibbi yardıma və hüquqi yardıma çıxışı mümkün etsin və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etsin”, – deyə qeyd olunub.
Təşkilatlar həbsdə aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlinin “qəbuledilməz şərtlərdə” saxlanıldığını, Umbakı həbsxanasında ona təmiz paltar verilmədiyini, habelə təcridxana işçiləri tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.
Bəyanatda Azərbaycan hakimiyyətindən Həsənlinin tələbi olan Bakı İstintaq Təcridxanasına qaytarılmasını təmin etməsi istənilir.
Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.
Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.