Today Çərşənbə, 30th İyul 2025
Birinci 24

Birinci 24

Bakıda suyun fasilələrlə verilməsinin səbəbi açıqlanıb – Rəsmi

Bakıda suyun fasilələrlə verilməsinin səbəbi açıqlanıb – Rəsmi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakının müxtəlif ərazilərində yaranmış su problem ilə bağlı daha bir açıqlama yayıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, qurum paytaxtın bir sıra bölgələrində suyun qrafiklə verilməsinin və təzyiqin azalmasının səbəblərini izah edib.

Bildirilib ki, əsas səbəblərdən biri mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddən artıq yüklənməsidir. Artan tələbat sistemin qəza riskini artırır və bu səbəbdən suyun paylanması tənzimlənir.

Su çatışmazlığına səbəb olan digər vacib faktor isə fərdi yaşayış üçün nəzərdə tutulmayan, plansız şəkildə salınmış yaşayış məntəqələridir. Bu ərazilərdəki qanunsuz tikililər, xüsusilə magistral kəmərlərin üzərində inşa olunan evlər suyun normal ötürülməsinə ciddi maneə yaradır.

Qurum həmçinin qeyri-qanuni və ödənişsiz şəkildə sistemə qoşulan birləşmələrin də problemi daha da dərinləşdirdiyini qeyd edib. Bu cür halların həm texniki, həm də iqtisadi yük yaratdığı və su itkilərinə səbəb olduğu vurğulanıb.

Açıqlamada əhalinin say artımı, yay aylarında bağ evlərinə kütləvi köç və bu ilin iyul ayında havanın ötən illə müqayisədə 6-7 dərəcə daha isti keçməsi də suya olan tələbatın artmasına səbəb kimi göstərilib.

Su təchizatı qurumundan bildirilib ki, normativə uyğun gəlməyən tikililər və dar keçidli yaşayış sahələri də suyun çatdırılmasına əngəl yaradır. Hazırda bu problemlərin həlli istiqamətində infrastruktur layihələri üzərində işlər davam etdirilir.

Editor

Related Posts