Azərbaycanın geniş təbəqəsi sosial-iqtisadi çətinliklərlə mübarizə apararkən, hökumətin 426 min manat büdcə vəsaitini küçə itlərinin yeminə xərcləməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Əhalinin böyük hissəsi minimum əməkhaqqı ilə dolanmağa məhkum edildiyi, pensiyaçılar dərman almağa, ailələr isə gündəlik tələbatlarını ödəməyə çətinlik çəkdiyi bir vaxtda bu cür “qayğı” rəmzi məbləğlərlə yox, yarım milyon manata yaxın vəsaitlə həyata keçirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, rəsmi sənədlərə əsasən, sözügedən vəsait “itlərin rifahı və təhlükəsizlik məqsədilə” ayrılıb. Lakin ictimaiyyət bu qərarın arxasında əsl məqsədin vəsaitin mənimsənilməsi olduğuna əmindir. Yüz minlərlə manatlıq yem tenderi – heç bir ictimai müzakirə, şəffaf hesabat və real ehtiyac əsası olmadan – növbəti korrupsiya halqası kimi görünür.
Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri bildirir ki, bu cür israfçılıq və korrupsiya əməlləri ölkədə sosial bərabərliyi pozur, xalqın dövlətə inamını sarsıdır. “Hakimiyyət öz xalqına bir qab çörəyi çox görür, amma itlərə ‘qızıl menyu’ tərtib edir,” – deyə bir fəal ironiya ilə bildirir.
Ekspertlərin fikrincə, bu cür şübhəli tenderlərin məqsədi nə heyvanların rifahı, nə də şəhərin sanitariya vəziyyətidir – əsas məqsəd büdcə pullarının müəyyən şəxslərin cibinə yönləndirilməsidir. Bu isə korrupsiya mexanizminin növbəti nümunəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, bu ilk belə hadisə deyil. Son illərdə müxtəlif adlar altında milyonlarla manat vəsaitin ictimai nəzarətdən kənarda xərcləndiyi halların sayı artmaqdadır. Hökumət isə bu narazılıqlara susqun qalmaqla xalqın yoxsulluğunu daha da dərinləşdirir.