Today Bazar ertəsi, 4th Avqust 2025
Birinci 24

Birinci 24

Xalq su axtarır, dövlət şirkəti isə xaricə içməli su satır

Xalq su axtarır, dövlət şirkəti isə xaricə içməli su satır

Rəsmi məlumatlara əsasən, bu ilin birinci yarısında Azərbaycanın qeyri-neft ixracı təxminən 10 faiz artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı” jurnalında 2025-ci ilin yanvar–iyun ayları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 1,8 milyard dollar təşkil etdiyi göstərilir.

Yanvar–iyun ayları üzrə ölkəyə ümumilikdə 12,8 milyard dollar dəyərində ixrac gəliri daxil olub. Bunun böyük hissəsini xam neft və qaz ixracından əldə olunan vəsait təşkil edir. Qeyri-neft ixracının ümumi ixracdakı payı cəmi 13,6 faizdir.

Qeyri-neft ixracının strukturuna nəzər saldıqda isə burada da dolayı yolla neft gəlirlərinin və təbii resursların üstünlük təşkil etdiyini demək olar. Dövlət Gömrük Komitəsinin yanvar–iyun aylarına dair göstəricilərinə əsasən, ixrac əməliyyatlarının 53,4 faizi özəl sektora, 46,1 faizi isə dövlət sektorunun payına düşür.

“İxrac” icmalında cari dövrdə qeyri-neft ixracında ən böyük paya sahib olan şirkətlərin onluğunu təqdim edib. Bu onluqda yer alan dövlət şirkətləri ümumi qeyri-neft ixracının 33 faizini təşkil edir. Yəni dövlət şirkətlərinə bağlı törəmə müəssisələrin ixrac etdiyi məhsullar statistikada özəl sektorun payı kimi təqdim olunur.

Belə ki, dövlət sektorunda qeyri-neft ixracı həyata keçirən əsas şirkətlər arasında SOCAR-ın tabeliyində olan müəssisələr üstünlük təşkil edir. Ümumilikdə bu şirkətlər tərəfindən 377 milyon dollar dəyərində ixrac həyata keçirilib. Bunlardan ARDNŞ-nin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 211,6 milyon dollar; “SOCAR Polymer” MMC 129 milyon dollar; ARDNŞ Qaz İxrac İdarəsi 34,5 milyon dollar; “SOCAR-Dalğıc” MMC 1,9 milyon dollar dəyərində ixrac reallaşdırıb.

Bundan əlavə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aylıq bülletenində göstərilir ki, həmin dövrdə 144 milyon ABŞ dolları məbləğində qızıl ixrac olunub. Bu məbləğin 100,3 milyon dolları dövlət şirkəti olan “Azərgold”un ixrac payına düşür.

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin pambıq mahlıcından əldə etdiyi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, keçən ilin birinci yarısında bu gəlirlər 32 milyon dollar təşkil edirdisə, cari ildə cəmi 19 milyon dollar olub. Ümumilikdə, ölkədə aparılan “pambıq islahatı”nın tədricən iflasa uğradığını demək olar.

Məsələn, 2021-ci ildə pambıq mahlıcı 208 milyon dollarla qeyri-neft sektoru üzrə ixrac olunan mallar arasında birinci yeri tuturdu. Həmin ilin birinci yarısında 140,3 milyon dollarlıq pambıq mahlıcı ixrac olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm cəmi 98,6 milyon dollar təşkil edib. Göründüyü kimi, həm dövlət, həm də özəl sektora məxsus şirkətlər bu sahədə ciddi böhran yaşayır.

Maraqlı məqamlardan biri də odur ki, Kəlbəcərin su ehtiyatlarından dövlət tərəfindən 562,4 min dollarlıq xarici kapital cəlb olunub. Belə ki, “İstisu” Mineral Su Zavodu bu il ilk dəfə məhsul ixrac edib və bu ixracdan 562,4 min dollar gəlir əldə olunub. Qeyd edək ki, zavod Prezidentin İşlər İdarəsinin tabeliyindədir.

Özəl şirkətlərin qeyri-neft ixracındakı göstəricilərinə gəlincə, burada əsas yeri yeyinti və qida məhsulları tutur. Cari dövrdə qeyri-neft ixracının 31,3 faizini məhz bu məhsullar təşkil edib. Belə ki, 564,7 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,1 faiz artım deməkdir.

Azərbaycanda yeyinti məhsulları arasında pomidor (tomat) ixracı birinci yerdə qərarlaşıb. Ümumilikdə, qeyri-neft sektoruna aid ixrac məhsulları arasında pomidor 149 milyon ABŞ dolları ilə ilk sıradadır. Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz artaraq 145 milyon dollar olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dolları təşkil edib.

Yanvar–iyun aylarında qeyri-neft ixracında ən böyük paya sahib özəl şirkətlər arasında “Avrora” MMC-nin adı qeyd olunub. Bu şirkət “İstisu” Mineral Su Zavodunun istehsal etdiyi suyun satışını təşkil edir. Eyni zamanda enerji içkiləri, un, makaron və qənnadı məhsullarının istehsalı və satışını da həyata keçirir. Şirkətin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfədən çox artıb. Belə ki, 2024-cü ilin ilk altı ayında 1,5 milyon dollar olan ixrac, 2025-ci ilin eyni dövründə 19,7 milyon dollara yüksəlib.

Bu artım fonunda Kəlbəcərin su ehtiyatlarının xaricə satışının artması və “Avrora” MMC-nin ixrac üzrə ilk onluğa daxil olması bir sıra suallar doğurur. Ən diqqətçəkən suallardan biri bu şirkətin Azərbaycan su ehtiyatlarının xaricə satıb-satmamasıdır.

Maraqlıdır ki, nə Dövlət Statistika Komitəsi, nə də digər rəsmi mənbələr içməli su satışı ilə bağlı hər hansı məlumat təqdim edir. Ölkədə içməli su ilə bağlı böhran yaşandığı bir dövrdə, bu sahədə ixrac diqqət çəkir. Hətta “İxrac” icmalında belə su satışına dair konkret məlumatlar yer almır. Halbuki, “İstisu” Zavodunun ixrac gəlirləri ölkədən içməli su satışından müəyyən məbləğdə gəlir əldə olunduğunu göstərir. Lakin nədənsə bu sahə üzrə konkret statistik məlumatlar paylaşılmır.

Bundan əlavə 17 Dekabr 2024-cü ildə təsis edilən “Sahdag Sy” MMC fəaliyyət göstərdiyi 6 ay ərzində 19,4 milyon dollar gəlirlər ən böyük ixracatçılar arasında düşüb. Bu şirkətin nə satdığı açıqlanmasa da, abveriaturasında bu şirkətin “Sahdag” yer alması da suallar yaradır.

Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon dollar, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

Hərçənd ixrac edilən qeyri-neft məhsullarının tərkibini təhlil etdikdə, təbii resurslardan asılılığın açıq şəkildə hiss olunduğu görünür. Xüsusilə, neft məhsulları, qara və əlvan metallar, elektrik enerjisi, su və digər təbii resurslardan əldə olunan mal-məhsullar üstünlük təşkil edir. Digər sahələrdə istehsal olunan məhsulların isə ixracdakı payı, demək olar ki, cüzidir.

Təəssüf ki, bu resurs asılılığı rəqəmlər içində gizlədilir və rəsmi qurumlar tərəfindən “özəl sektor” adı altında təqdim olunur.

Editor

Related Posts