Today Bazar ertəsi, 18th Avqust 2025
Birinci 24

Birinci 24

Ürək xəstəliklərinin artmasının səbəbi: Stress, iqtisadi vəziyyət və sosial durum…

Ürək xəstəliklərinin artmasının səbəbi: Stress, iqtisadi vəziyyət və sosial durum…

Son illərdə Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının sayı əhəmiyyətli dərəcədə artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, yalnız keçən il ürəyin işemik xəstəliklərindən 12 minə yaxın insan həyatını itirib.

Stress, iqtisadi və sosial vəziyyət səbəb kimi…

Həkim-cərrah Adil Qeybulla bu artımda əsas səbəb kimi stress, iqtisadi və sosial vəziyyətin gərginliyi, həmçinin qeyri-sağlam həyat tərzini göstərir:

“Ürək-damar xəstəliklərinin yaranmasında stressin və sosial amillərin rolu böyükdür. Streslə yanaşı, qidanın keyfiyyəti də bu prosesə təsir göstərir. Təəssüflər olsun ki, Azərbaycanda qida faktoru mühüm yer tutur. Keyfiyyətli məhsul almaq çətinləşib. Əvvəllər olduğu kimi təmiz və keyfiyyətli qidaların olmaması təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi problemə çevrilib”.

Həkim ürək-damar xəstəliklərinin artmasının digər səbəbləri kimi atmosferin, içməli suyun, torpağın çirklənməsini göstərir:

“İkinci yerdə həyat tərzi, üçüncüdə isə pis vərdişlər dayanır” – ekspert belə deyir və əlavə edir ki, “ürək-damar xəstəlikləri də daha çox piylənmə nəticəsində baş verir”

Həkim deyir ki, piylənmə zamanı insan orqanizmində mübadilə pozulur: 

“Nəticədə də ürək-damar xəstəlikləri, beynin işemik xəstəlikləri əmələ gəlir. Bu gün də bu xəstəliklərdən dünyada ölüm  halları ilk sıralardadır”.

Adil Qeybulla vurğulayır ki, diabetin (şəkər), onkoloji (xərçəng) xəstəliklərin artmasında da piylənmənin rolu böyükdür.

Dövlət hansı addımlar atmalıdır?

Həkim əlavə edir ki, bir çox ölkələr idmanın kütləviləşdirilməsi üçün proqramlar həyata keçirir və hesab edir ki, bu, Azərbaycanda da belə olmalıdır:

“Əslində, bu tədbirləri dövlət özü işləyib, hazırlamalıdır. Bununla belə, vətəndaşlar da özlərinə diqqət etməlidirlər”.

Ekspert bildirir ki, bu problem hazırda dünyada aktualdır. 

“Getdikcə də aktuallaşır, əmək qabiliyyətinin erkən itirilməsi, həyatın qısalması, bu xəstəliklərin fonunda daha çox baş verir”

Həkim deyir ki, problemin həlli üçün genofondun qorunmasına yönəlmiş kompleks tədbirlər görülməlidir:

“İlk növbədə maariflənmənin artırılması, kütləvi idmanın təşviqi, qida mədəniyyətinin normallaşdırılması, ən əsası isə tibbi xidmətin lazımi səviyyəyə çatdırılması vacibdir. Xüsusilə profilaktik sağlamlıq müayinələrinin vaxtında və klinik protokollar üzrə həyata keçirilməsi çox önəmlidir ki, bu yolla xəstəlikləri erkən mərhələdə aşkar etmək və ən azından müəyyən proseslərin qarşısını almaq mümkün olsun”.

30 ildə dünyada ürək-damar xəstəlikləri ikiqat artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamasına görə, hər il 17,9 milyon insan ürək-damar xəstəliklərindən həyatlarını itirir.

Bu xəstəliklərə ürəyin işemik xəstəliyi, beyin damarlarının xəstəlikləri, revmatik ürək xəstəliyi və digər kardiovaskulyar patologiyalar daxildir. 

ÜST yazdığına görə, tədqiqatlar göstərir ki, son 30 ildə dünyada ürək-damar xəstəlikləri halları demək olar ki, ikiqat artaraq 271 milyondan 523 milyona çatıb.

2025-ci ildən 2050-ci ilə qədər dövrdə ürək-damar xəstəliklərinin yayılmasında 90%-lik, ümumi ölüm sayında isə 73%-lik artım proqnozlaşdırılır. 

2025-ci ildə 20,5 milyon olan ürək-damar xəstəliyindən ölüm hallarının 2050-ci ildə 35,6 milyona çatacağı ehtimal edilir.

ÜST qeyd edir ki, həyat tərzi insan sağlamlığının təxminən 60%-ni müəyyən edir, müxtəlif zərərli davranış vərdişlərindən ölüm riski isə 53%-dən asılıdır.

Editor

Related Posts