ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üzbəüz görüş keçirməyi planlaşdırdığını elan edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Tramp təklifi avqustun 18-də Ağ Evdə Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Kir Starmer də daxil olmaqla Avropanın aparıcı liderlərini yüksək səviyyəli danışıqlar üçün qəbul edərkən səsləndirib.
Görüşdən sonra telefonla Putinlə danışan Tramp sammit üçün “hazırlıqlara başladığını” bildirib və qeyd edib ki, ikitərəfli görüşdən sonra rusiyalı və ukraynalı həmkarları ilə üçtərəfli görüş keçirəcək.
“Bir daha deyirəm, bu, artıq dörd ilə yaxın davam edən müharibəni sonlandırmaq üçün çox yaxşı, erkən bir addımdır”, – Tramp öz “Truth Social” platformasında yazıb.
“Vitse-prezident Ceyms Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff Rusiya və Ukrayna ilə koordinasiyanı həyata keçirirlər”, – deyə o əlavə edib.
Almaniya kansleri Fridrix Merts və NATO baş katibi Mark Rütte də ayrılıqda təsdiqləyiblər ki, Putin ikitərəfli görüşə razılıq verib, lakin tarix və məkanı açıqlamayıblar.
Zelenski isə Tramp ilə görüşünü “çox yaxşı söhbət” adlandıraraq jurnalistlərə bildirib ki, o, rusiyalı liderlə təkbətək görüşməyə “hazırdır”.
Moskva sammitə razılıq verdiyini dərhal təsdiqləməsə də, Rusiyanın dövlət agentliyi “TASS” prezidentin köməkçisi Yuri Uşakova istinadla xəbər verib ki, Putin və Tramp “Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların davam etdirilməsinin lehinə çıxış ediblər”.
Ağ Ev görüşündə isə, əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunub.
Starmer jurnalistlərə bildirib ki, Ağ Evdə aparılan danışıqların əsas nəticələrindən biri “İstəkli Koalisiya” adlanan 30 ölkənin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməsi və ABŞ-lə koordinasiyalı səylərə başlaması barədə razılıq olub.
Zelenski isə deyib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri 10 gün ərzində rəsmiləşdiriləcək. Həmin zəmanətlərin bir hissəsi Avropa maliyyələşdirməsi hesabına Ukraynanın ABŞ-dən 90 milyard dollarlıq silah almasını nəzərdə tutur.