İsrailin “Elbit Systems” şirktəti adı açıqlanmayan Avropa ölkəsi tərəfindən müxtəlif müdafiə həllərinin tədarükü üçün 1.6 milyard ABŞ dolları dəyərində müqaviləyə layiq görülüb.
Birinci24 informasiya agentliyi “Elbit Systems”ə istinadən xəbər verir ki, beş il müddətində həyata keçiriləcək müqavilə, şirkətin qabaqcıl texnologiyaları və məhsul portfelinə əsaslanan, o cümlədən süni intellektdən istifadə edən iki əsas qrup müasir və inkişaf etmiş həllərini əhatə edir.
Birinci qrupa uzun mənzilli dəqiq zərbə imkanına malik artilleriya-raket sistemləri, geniş spektrli kəşfiyyat PUA-ları, süzən sursatlar və fərdi istifadə üçün nəzərdə tutulmuş dronlar daxildir.
İkinci qrupa isə SIGINT, COMINT, elektron müharibə sistemləri və yüksək səviyyədə inkişaf etmiş ISTAR imkanları aiddir. Bundan əlavə, kəşfiyyat məlumatlarının toplanması və emalı sistemləri, qabaqcıl elektro-optik (E/O), gecəgörmə, müdafiə sistemləri və döyüş maşınlarının modernləşdirilməsi də bu siyahıda yer alır.
Həmçinin “Elbit Systems” hərbi rəqəmsallaşdırma və şəbəkə döyüş həllini də müştəriyə təqdim edəcək. Bu həll ən son proqram təminatına və qabaqcıl rabitə avadanlığına əsaslanır. O, komanda və idarəetmə tətbiqlərindən ibarət C4ISR paketinin kəşfiyyat həllərini də özündə birləşdirir. Bu inteqrasiya olunmuş həll bütün əməliyyat səviyyələrini – strateji ordu qərargahından taktiki səviyyəyə və son döyüş maşınınadək əhatə edir.
“Bu müqavilə Avropada “Elbit Systems”in qabaqcıl texnologiyalarına olan güclü tələbi əks etdirir və müasir müdafiə qüvvələrinin ehtiyaclarına uyğunlaşdırılmış inteqrasiya olunmuş, çoxşaxəli həlləri təqdim etmək bacarığımızı nümayiş etdirir. “Elbit Systems”in geniş portfeli döyüş meydanında özünü əməliyyat şəraitində sübut edib və istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib. Biz Avropa ölkələrindən birinə milli təhlükəsizliyini gücləndirməkdə dəstək olmaqdan qürur duyuruq. Bu strateji tərəfdaşlıq çərçivəsində həmçinin alıcı ölkənin milli sənaye imkanlarını gücləndirməyə yönəlmiş sənaye əməkdaşlığı da nəzərdə tutulur”, – deyə “Elbit Systems”in prezidenti və baş icraçı direktoru Bezhalel Machlis bildirib.