Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubad rayon İnternat tam orta məktəbinin komandası ölkə üzrə hərbi-idman oyunlarının qalibi olub

Ordubad rayon İnternat tam orta məktəbinin komandası ölkə üzrə hərbi-idman oyunlarının qalibi olub

Ordubad rayon İnternat tam orta məktəbinin komandası “Sərhəd” hərbi-idman oyunlarının qalibi olub.

Bu barədə Birinci 24 İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 35 sərhədyanı və digər rayonların 161 məktəbinin 805 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 28-dən may ayının 4-dək keçirilən final mərhələsində mübarizələrini davam etdiriblər.

Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsində muxtar respublikanın sərhədyanı tam orta məktəblərini əhatə edən 16 komanda iştirak etmiş, onlardan 6-sı zona mərhələsinə vəsiqə qazanmışdı. Zona mərhələsində isə Ordubad İnternat tam orta məktəbinin komandası qalib kimi, final mərhələsində muxtar respublikanı təmsil edib.

Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Final mərhələsinin yekunlarına əsasən Ordubad rayonunun İnternat məktəbinin “Xətailər” komandası birinci, İmişli rayonunun Qızılkəndinin tam orta məktəbinin “Turan” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yerin qalibi olub.

May ayının 4-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilibdir.

admin

Related Posts