Amur vilayətində qəzaya uğrayan “An-24” təyyarəsi zərbə zamanı yanıb və təyyarəsinin bütün sərnişinləri, həmçinin ekipaj üzvləri həlak olub.
Birinci24 informasiya agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanan təyyarənin qalıqları “Mi-8” helikopterinin ekipajı tərəfindən Tında şəhərindən 16 km aralıda, Kuvıqta kəndi istiqamətində, dağın yamacında aşkar edilib.
Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.
***10:56
Amur vilayətində An-24 sərnişin təyyarəsinin qəzaya uğradığı yer tapılıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Axtarış tədbirləri zamanı Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib. Xilasedicilər hadisə yerinə getməyə davam edir”, – məlumatda deyilir.
***10:25
Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, “Anqara” aviaşirkətinin “An-24” təyyarəsi Tında hava limanından bir neçə kilometr aralıda radardan itib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 ekipaj üzvü var.
“Blaqoveşenskdən Tındaya uçan “An-24” sərnişin təyyarəsi bu gün radarlardan itib. İlkin məlumatlara görə, göyərtədə 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü olub. Təyyarənin axtarışı üçün bütün lazımi qüvvə və vasitələr cəlb olunub”, – qubernator “Telegram” kanalında yazıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi də Amur vilayətində “An-24” sərnişin təyyarəsi ilə əlaqənin kəsildiyini təsdiqləyib.
Təyyarənin axtarışı üçün xilasedicilər göndərilib.
Pilotlar havada problem olduğuna dair heç bir siqnal verməyiblər.