Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin 135-ci ildönümünə həsr olunmuş “Batumoba” bayram tədbiri keçirilib.
Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə ölkəmizi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə və digər rəsmi şəxslər təmsil ediblər.
Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze və Batumi meri Arçil Çikovani Batumi ilə qardaşlaşmış şəhərlərin stendləri ilə tanış olublar.
Bildirilib ki, Batumi şəhəri dünyanın 8 ölkəsindən 42 şəhərlə, o cümlədən Azərbaycanın Naxçıvan şəhəri ilə qardaşlaşma haqqında memorandum imzalayıb. Tədbirdə bu şəhərlərdən 54 nəfər nümayəndə iştirak edib.
Mirsənani Seyidov muxtar respublikanın hökumət başçısını və şəhər rəhbərliyini bayram münasibətilə təbrik edib. Bildirib ki, 2012-ci ildə Naxçıvan və Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair memorandum imzalanıb. Bu gün Naxçıvanla Batumi şəhəri arasında mövcud olan sıx dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənir və inkişaf edir.
M.Seyidov Azərbaycanın qədim Naxçıvan şəhərinin milli ornamentlərini özündə əks etdirən xalçanı xatirə olaraq Batumi şəhərinin meri Arçil Çikovaniyə təqdim edib.
A.Çikovani tədbirdə iştirakına və hədiyyəyə görə minnətdarlıq edib, ölkələrimiz, eləcə də Naxçıvan və Batumi şəhərləri arasındakı münasibətləri yüksək qiymətləndirib.
“Batumoba” bayramı çərçivəsində şəhərdə müxtəlif mədəni və əyləncəli tədbirlər, yarmarka, sərgi, idman yarışları, kino nümayişləri təşkil olunub, incəsənət ulduzları maraqlı konsert proqramı ilə çıxış ediblər.