Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Maştağada iki azyaşlının düşüb öldüyü quyu SOCAR-ın imiş”

“Maştağada iki azyaşlının düşüb öldüyü quyu SOCAR-ın imiş”

Mayın 17-də axşam saat 8 radələrində Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq quyuya düşərək həlak olub. 10 yaşlı Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşüblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Həyatını itirən Hüseyn Qasımovun qohumu Vaqif Rüstəmov Abzas Media-ya deyib ki, hadisə SOCAR-ın ərazisində baş verib.

O bildirib ki, evlərin yaxınlığına park yoxdur deyə uşaqlar məcbur qalıb orada oynayırlar:

“Uşaq həyətdə oynayırmış, nənəsi deyib, gedək bibingilə, uşaq da getməyib ki, oynayıram. Nənəsi gedəndən sonra, uşaq dostu ilə orada oynayıb və hadisə olub. Quyu açıq sahədə, köhnədən olan quyudur. Ərazi SOCAR-ın ərazisidir. Orda başqa quyular da var ki, üstü açıqdır. Dərin quyulardır, istifadə olunmur, təhlükəlidir. Bunu bağlamaq lazımdır.  Bizim tərəfdə uşaqların oynaması üçün normal yer yoxdur. Ayda bir dəfə Maştağanın içindəki parka aparırıq, amma bizim evlərin yanında parkımız yoxdur”.

Maştağa qəsəbəsinin icra nümayəndəsinin müavini Ramin Ağazadə təsdiqləyib ki, hadisə SOCAR-ın ərzisindəki quyuda baş verib.

R.Ağazadə qeyd edib ki, quyu işlək quyu olmayıb:

“Açıq ərazidir, uşaqlar orda oynamağa giriblər, hadisə həmin vaxt baş verib. Ərazidəki təhlükəsizlik məsələlərinə SOCAR-ın mühafizə xidməti nəzarət edir. Bu günə qədər həmin yerlə bağlı sakinlərdən bizə heç bir şikayət daxil olmamışdı, ancaq hadisədən sonra üstüaçıq quyuların üstünün bağlanması, təhlükəsizlik tədbirlərinin görülməsi üçün SOCAR-a rəsmi müraciət etmişik”.

Baş verən hadisə ilə bağlı SOCAR-ın mətbuat xidmətinin əməkdaşı Elçin Kazımov bildirib ki, məsələ araşdırılır, yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başladılıb.

Editor

Related Posts