Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev tariximizdə və taleyimizdə” kitabının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev tariximizdə və taleyimizdə” kitabının təqdimatı keçirilib

Birinci 24 xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı keçirilib.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aliyə Quliyevanın həmmüəllifliyi ilə nəşr olunan “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimat mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, təkcə Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri əməkdaşlarının bugünədək ümummilli liderdən bəhs edən 40-a yaxın kitab və monoqrafiyası nəşr olunub.

İsmayıl Hacıyev “Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının sistemli tərtib xüsusiyyətlərindən, əhatə etdiyi mövzuların aktuallığından söz açıb, müəllifləri ərsəyə gətirdikləri əsər münasibətilə təbrik edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru dosent Elxan Məmmədov “Ulu öndər Heydər Əliyevin 100 illiyinə dəyərli töhfə” adlı məruzə edib. Bildirib ki, kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyev, rəyçisi isə dosent Ramiz Qasımovdur. 6 bölmə, 260 səhifədən ibarət olan kitabda yer alan məqalələrdə ulu öndərin siyasi fəaliyyətinin müxtəlif dövrlərində Azərbaycan, türk dünyası, eləcə də xalqımızın taleyüklü problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər elmi düşüncə işığında təhlil edilir. Qeyd olunub ki, ümumilikdə yüzə yaxın ədəbiyyatdan istifadə olunan kitab müəlliflərin qarşılıqlı elmi əməkdaşlığının uğurlu nəticəsidir.

Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zülfiyyə İsmayıl və Aygün Orucovanın çıxışları dinlənilib.

Sonda müəllif Əbülfəz Quliyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin irsi, onun siyasi fəaliyyəti öyrənilir, yeni-yeni əsərlər dərc olunur. Ümummilli liderin zəngin irsi deməyə əsas verir ki, bundan sonra da hələ neçə-neçə kitablar, monoqrafiyalar yazılacaqdır. Professor fəaliyyətinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına təşəkkür edib.

admin

Related Posts