Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Zığ” zavodunda beş nəfər qazdan zəhərlənərək ölüb

“Zığ” zavodunda beş nəfər qazdan zəhərlənərək ölüb

İyunun 3-də saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşının qazdan zəhərləndiyi bildirilir.

Bu barədə ASCO məlumat yayıb.

Məlumatda qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbətçi həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Məlumatda əlavə edilir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi briqadası cəlb olunub:

“Hadisənin baş verdiyi yerdən 5 nəfərin meyiti çıxarılıb.Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.”

Hələlik, məsələyə həlak olan işçilərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə “Turan”a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub:

“Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.”

Azərbaycanda iş yerlərində ölüm hallarının ötən il artdığı açıqlanıb. Rəsmi məlumatlara görə, 2023-cü ildə istehsalatda 465 bədbəxt hadisə qeydə alınıb:

“İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb”.

2022-ci ildə isə istehsalatda baş verən bədbəxt hadisələr zamanı 34 nəfərin vəfat etdiyi, 247 nəfərin isə xəsarət aldığı vurğulanmışdı.

Editor

Related Posts