Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda şəhid evi təmir edilib

Şərur rayonunda Vətən müharibəsi şəhidi Kamal Əbilovun ailə üzvləri ilə görüş keçirilib, ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanışlıq olub.

Görüş zamanı Şərur rayon İcra hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, Azərbaycan tarixinin zəfər salnaməsi olan Vətən müharibəsində Şərur rayonundan olan hərbi qulluqçular da əsl qəhrəmanlıq göstərərək şəhid və qazi kimi müqəddəs zirvəyə yüksəliblər. Bu kateqoriyadan olan şəxslər dövlətimiz tərəfindən lazımi səviyyədə dəyərləndirilir, onlara fəxri adlar verilir, müavinətlər təyin edilir, şəhidlərimizin xatirəsi əbədiləşdirilir, şəhid və qazi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikamızda müharibə iştirakçıları və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, dövlətimiz tərəfindən şəhid ailələri və müharibə zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslər mənzil və avtomobillərlə təmin olunurlar.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na könüllü ianələrin ödənişi davam etdirilir. Fondun vəsaitləri hesabına bir çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılır, muxtar respublikadan kənarda müalicə alanların xərcləri qarşılanır. Müvafiq kateqoriyadan olan şəxslərin kredit borcları və təhsil haqları ödənilir.

Qeyd edək ki, ötən dövr ərzində şəhid Kamal Əbilovun ailəsinə məxus evdə zəruri təmir-bərpa işləri aparılıb, çatışmazlıqlar aradan qaldırılıb. Bununla yanaşı, şəhidin anası Kəmalə Əbilova özünüməşğulluq proqramına cəlb edilib, fərdi təsərrüfatını qurmaq üçün aktivlərlə təmin olunub.

Şəhid anası Kəmalə Əbilova göstərilən qayğını yüksək qiymətləndirib.

admin

Related Posts