“KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır. KTMT və Rusiyadan başqa respublika üçün sabitliyin alternativ təminatçısı yoxdur”.
Birinci24.com xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
“Ermənistanın KTMT-nin ümumi işində iştirakına gəlincə, indi İrəvanda üstünlük təşkil edən xətt bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaqdır. Bu mövqe, gördüyümüz kimi, Ermənistan xalqının maraqlarına ziddir və milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir. Nəhayət, respublikanın sabitliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, – Ağasandyan bildirib.
O əlavə edib ki, Ermənistanın KTMT-də tam əməkdaşlığa qayıtması üçün qapılar açıqdır.