Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində respublika konfransı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda respublika konfransı keçirilib.

Konfransda əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, müstəqillik illərində muxtar respublikada tarazlı şəkildə inkişaf etdirilən sahələrindən biri də iqtisadiyyatdır. Bu sahənin dinamik inkişafı hazırda qədim diyarda 383 növdə məhsula olan təlabatı yerli istehsal hesabına qarşılamağa imkan verir. Həyata keçrilən iqtisadi islahatların nəticəsidir ki, Naxçıvanda ərzaq təhlükəsizliyi tam təmin olunub, muxtar respublikada nümunəvi sahibkarlar sinfi formalaşıb. Sahibkarların ideya və layihələrinin həyata keçirilməsi üçün dövlət maliyyə dəstəyi göstərilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan Sahibkarlığın İnkişaf Fondu bu istiqamətdə mütəmadi maliyyə dəstəyi göstərir. Həmçinin son illər Naxçıvanda formalaşan ailə təsərrüfatlarında istehsal olunan məhsullar da muxtar respublikanın iqtisadi inkişafına stimul verir. Nurlana Əliyeva maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Elm və Təhsil Nazirliyi nəzdində İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışıb və bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı “Naxçıvan” Universitetinin təşəbbüsünü yüksək qiymətləndirib, elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim hazır olduqlarını qeyd edib.

“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu muxtar respublikada həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən birinin də sənayeləşmə siyasəti olduğunu diqqətə çatdırıb. Bildirib ki, sənayeləşmə siyasəti nəticəsində son illər minlərlə müəssisə fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada ixrac potensialının artırılmasına, istehsal prosesinin daha səmərəli hala gətirilməsi üçün əlverişli infrastrukturun qurulmasına, eləcə də emal sənayesinin şaxələndirilməsinə zəmin yaradır.

Sonra konfransda elmi məruzələr dinlənilib. Elm və Təhsil Nazirliyi nəzdində İqtisadiyyat İnstitutunun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin müdiri Təbriz Əliyev “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişafının təşkilati-iqtisadi imkanları” və Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev “Yeni çağırışlar şəraitində Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının aktual problemləri” mövzularında çıxış ediblər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının sualları cavablandırılıb.

Sonda AMEA İqtisadiyyat İnstitutu tərəfindən “Naxçıvan” Universitetinə kitab hədiyyə olunub.

Konfrans bölmə iclasları ilə davam etdirilib.

Qeyd edək ki, konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzini və bir sıra tarixi abidələri ziyarət ediblər.

admin

Related Posts