Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Neftin sürətlə ucuzlaşması bizə nə vəd edir? – Ekspertdən açıqlama

Neftin sürətlə ucuzlaşması bizə nə vəd edir? – Ekspertdən açıqlama

Dünya bazarlarında xam neftin qiyməti, o cümlədən də Azərbaycana məxsus “Azeri Light” markalı neftinin qiyməti son günlər sürətlə ucuzlaşmaqdadır.

Birinci24.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti son 15 gün ərzində 16%-dən çox ucuzlaşaraq 87,9 dollardan 73,6 dollara düşüb.

Məlumat üçün bildirək ki, bu ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 75 dollardan hesablanır.

Bəs görəsən neftin qiymətinin büdcədə nəzərdə tutulan həddən aşağı düşməsi ölkə iqtisadiyyatında nələrə səbəb ola bilər?

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, neftin qiymətindəki kəskin ucuzlaşma tempi davam edərsə ölkə iqtisadiyyatı üçün ciddi problemlərə səbəb ola bilər:

“Bildiyimiz kimi, dövlət büdcəsi gəlirlərinin yarısı neft-qaz sektorundan formalaşır. Bundan başqa  ixracın 90%-ə yaxını yenə neft-qaz sektoruna aid olan məhsulların payına düşür. Belə bir vəziyyətdə neftin ucuzlaşmasının mənfi fəsadları qaçılmaz olacaq. İşğaldan azad olunan ərzilərdəki quruculuq işlərinə büdcədən böyük vəsaitlər ayrılır. Neftdən gələn gəlirlərin azalması bu istiqamətdəki xərclərə də mənfi təsir edəcək”.

Ekspert hesab edir ki, neftin ucuzlaşmasının ən ciddi təsirlərindən biri manata olan təzyiqlərlə bağlıdır:

“İxracın 90%-ə yaxını neft-qaz məhsullarından ibarət olduğu üçün qiymətin aşağı düşməsi ölkəyə daxil olan valyutanı da azaldacaq. Bu isə öz növbəsində xarici valyutaların, xüsusən də dolların manat qarşısında bahalanmasına gətirib çıxara bilər. Hökumət üçün 2015-ci ilin acı təcrübəsi var. O dövrdə Mərkəzi Bank sərəncamında olan milyardlarla dolları dövriyyəyə buraxsa da devalvasiyanın qarşısını ala bilmədi. Ehtimal etmək olar ki, ölkədə xarici valyutaya tələb artarsa, Mərkəzi Bank bu dəfə valyuta ehtiyalarını qorumağa çaılşacaq. Bu da növbəti devalvasiyanı qaçılmaz edəcək. Onu da nəzərə almaq lazımdır ki, artıq uzun müddətdir ki, manata qarşı təzyiqlər var. Əsas ticarət tərəfdaşımız olan ölkələrin – Türkiyə və Rusiyanın milli valyutaları dəyərdən düşür”.

İqtisadçı-ekspert qeyd edir ki, hər şey ucuzlaşma prosesinin nə qədər davam edəcəyindən və qiymətlərin hansı səviyyəyə qədər düşə biləcəyindən asılıdır:

“Bildiyimiz kimi, 2015-ci ildə baş verən devalvasiyalar zamanı dövlət büdcəsində bir barel xam neftin qiyməti 90 dollardan hesablansa da, o zaman xam neftin qiyməti 40-50 dollar arasında dəyişib. Əgər bu dəfə də neftin qiyməti 40 dollara kimi ucuzlaşarsa, devalvasiya qaçılmaz olacaq”.

Editor

Related Posts