Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ümumiyyətlə, ölkəni  Şimali Koreya, Türkmənistan kimi qapatsınlar…”

“Ümumiyyətlə, ölkəni  Şimali Koreya, Türkmənistan kimi qapatsınlar…”

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də quru sərhədlərin bağlı qalmasına bir daha toxunub.

Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib:

“Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Ancaq ölkə başçısı hansı risklərin olduğunu sadalamayıb.

Sonuncu dəfə Baş nazir Əli Əsədov iyunun 24-də imzaladığı qərara əsasən, COVID-19 virusunun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

2024-cü il aprelin 23-də də Prezident İlham Əliyev quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi.

Prezident ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında demişdi ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürlər:

“Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”, – Əliyev belə əlavə edib.

“Hakimiyyət SSRİ kimi qapalı cəmiyyət və dövlət yaratmaq istəyir”

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, əgər doğrudan da, quru sərhədlər xarici risklərlə bağlıdırsa, səbəblərini niyə belə göstərmir, faktiki olaraq hökumət xalqa yalan məlumat verir:

“Niyə Baş nazir qərarında quru sərhədlərin bağlı qalmasını pandemiya ilə əlaqələndirir, guya xalqın sağlamlığını qoruyurlar. Əgər xarici risklər varsa, bunları xalqa izah etmək lazımdır. Ümumiyyətlə, xarici risklər yalnız Azərbaycana aiddir, niyə Gürcüstanın, Türkiyənin, Ermənistanın, İranın, hətta müharibə aparan Rusiya və Ukraynanın sərhədləri bağlı deyil?!”.

Cəmil Həsənli İlham Əliyevin xarici risklərlə bağlı söylədiklərini bəhanə adlandırıb:

Cəmil Həsənli

“Nə pandemiya, nə də xarici risklər var. Hakimiyyət ötən əsrin 30-50-ci illərindəki SSRİ kimi qapalı cəmiyyət və dövlət yaratmaq istəyir. Bu isə Azərbaycan Konstitusiyasına ziddir, çünki Ana Yasada əhalinin hərəkət azadlığı var. İkincisi, xarici risk varsa, bu, hava yolu ilə təsir edə bilməzmi? Yalnız quru yolla təsir edə bilər? Əslində, bu, avtoritarizm və totalitarizm istəklərindən irəli gələn addımdır. Çünki qapalı, dünya ilə əlaqəsi kəsilən ölkəni idarə etmək daha asandır. Maraqlıdır ki, İlham Əliyev aprelin 23-də bunu xarici təhlükələrlə bağladı, amma iyunun 24-də Baş nazir sərəncamında pandemiyanı səbəb göstərdi. Sual yaranır:  Əliyev, yoxsa Əsədov düz danışır? Ümumiyyətlə, xalqa niyə yalan məlumat verirlər?”.

“Noyabrda Azərbaycanda COP29 konfransı keçirləcək, 50 minə yaxın qonaq gələcək. Əgər xarici risk varsa, niyə “Formula-1″, yaxud COP29 keçirilir? Xarici risk uydurması Azərbaycan xalqını asılılıqda saxlamağa görədir? Sərhədlərin bağlı qalması ən çox zərbə sərhədyanı rayonlarda yaşayanlara olur, çünki onlar qonşu respublikalarla ticarət əlaqələrindən ayrı düşürlər. Bəlkə, Əliyevlərin ticarət şəbəkələri üçün müəyyən risk yarandığından bu mexanizmi işə salıblar. Yəni hamı onların ticarət marketlərindən mal almağa məcbur edilir”, – deyə Həsənli əlavə edib.

Onun sözlərinə görə, risklər səbəbindən insanlar yalnız hava nəqliyyatından istifadə edir, o da hakim ailənin nəzarətindədirsə, onda bunun izahını versinlər ki, təyyarə biletləri nədən bahadır:

“Hətta Azərbaycana uçan xarici şirkətlərin təyyarələrinə öz qiymətlərini diktə edirlər. Məsələn, Türk Hava Hala Yolları ilə Berlinə, Parisə uçmaq, İstanbuldan Bakıya uçmaqdan qat-qat ucuzdur. Yaxud Tbilisidən İstanbula, başqa Avropa şəhərlərinə 50-70 avroya uça bilirlər, amma azərbaycanlılar Bakıdan Londona 1150 dollar ödəməli olur. Çünki hökumət onlara belə limit qoyub. Deməli, bunlar Əliyevlərin istək və arzularından irəli gəlir”.

“Əliyevin dedikləri yetərsiz, qeyri-səmimi və hətta özlərini ifşa edəcək açıqlamadır”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı hesab edir ki, ölkə başçısı xarici risk deyirsə, bu məsələni konkretləşdirməlidir:

“Aydındır ki, dünyada risklər çoxdur, Azərbaycan da riskli bölgədə yerləşir. Cənubi Qafqazda qlobal oyunçular olan Çinin, ABŞ-nin maraqları hər zaman olub və olacaq da. İndi buna görə quru sərhədləri qapatmalıdırlar? Yaxud risklər varsa, hava sərhədlərini də bağlamalıyıq. O zaman ümumiyyətlə, ölkəni qapatsınlar, Şimali Koreya, Türkmənistan kimi. Azərbaycanın gömrük, sərhəd keçid məntəqələri var, kimsə nəsə gətirirsə, onda elə sərhədlər bağlı olanda da keçirə bilər”.

Azər Qasımlının dediyinə görə, başqa ölkələrin vətəndaşları Azərbaycana quru sərhədlərdən keçə bilirlər:

Azər Qasımlı

“Yəni quru sərhədlər yalnız Azərbaycan vətəndaşları üçün bağlıdır. Statistika var ki, son 4 ildə minlərlə insan quru sərhədlər vasitəsilə Azərbaycana gələ bilib. Onsuz da xarici vətəndaş gələndə yoxlamadan keçir də. Ölkə vətəndaşına bu münasibət Konstitusiyaya ziddir”.

Azər Qasımlı hesab edir ki, Əliyev risk deyəndə müharibəni nəzərdə tutursa, Rusiya-Ukrayna savaşı Azərbaycan sərhədlərindən tamamilə uzaqdadır:

“Təkrar edirəm ki, risk varsa, sərhədlərin mühafizəsini gücləndirsinlər, qapatmasınlar. Ona görə Əliyevin dedikləri yetərsiz, qeyri-səmimi və hətta özlərini ifşa edəcək açıqlamadır. Çünki Baş nazirin sonuncu sərəncamında pandemiyaya görə bağlı qaldığı qeyd olunub. Pandemiyanın bitdiyini bilirlər, indi də risklərdən danışırlar. Sabah da deyəcək ki, xaricə gedənlər DTX-dan icazə alsınlar, Türkmənistanda olduğu kimi. SSRİ-də də var idi. Mən hakimiyyətdən bunu gözləyirəm. Ölkədə diktatura rejimi qurulur və risklərdən danışırlar. Halbuki risklər həmişə olub və olacaq”.

“Əliyev hakimiyyəti bir daha sübut etdi ki…”

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyir ki, nəhayət, dövlət orqanlarının Azərbaycan xalqını aldatmaları aydın olub:

“Özü də bu, dövlətin birinci şəxsi tərəfindən səsləndirilir. Əgər, doğrudan da, sərhədlərin bağlı saxlanılması təhlükəsizlik məqsədi ilə həyata keçirilirdisə, bunu cəmiyyətə belə də demək lazım idi. Yəni Əliyev hakimiyyəti bir daha sübut etdi ki, onun hakimiyyəti xalqı daim aldadıb və indi də aldatmaqda davam edir”.

Onun fikrincə, sentyabrın 23-də bu açıqlamanın səsləndirilməsi Qusar rayonunda baş verən hadisələrlə bağlıdır:

“Qusar hadisələrini guya həmin təhdidin bir əlaməti kimi təqdim edirlər. Əslində, bu hadisənin arxasında Yalamada, sərhəd keçid məntəqəsinin qarşısında onlarla sahibkarın mülkünə əl qoymaq əməliyyatı keçirilir. Bunu da edən Əliyevə birbaşa bağlı olan rusiyalı milyarder Qod Nisanovun olduğu deyilir, həmçinin bu işdə texniki tərəfi Qusarın icra başçısı həyata keçirir. Görünür, uydurma əməliyyatda məqsəd də məhz insanları təhdid etməkdir, əmlaklarını verməyən sahibkarları terrorçuluqla qorxudub mülklərinə sahib çıxmaqdır”.

Ərəstun Oruclu sual edir:

Ərəstun Oruclu

“Gürcüstanın, Ermənistanın, Türkmənistan istisna olmaqla Orta Asiyada digər ölkələrin də sərhədləri açıqdır, nə baş verib? Niyə məhz bu təhlükə guya Azərbaycana olur? Əliyevin bugünkü açıqlamasının arxasında başqa niyyət də var, Rusiyada miqrantlar haqda qanuna dəyişikliklər edilib. Kreml elan etdi ki, 700-800 min miqrant deportasiya olunacaq, onların bir hissəsi də azərbaycanlılardır. Söhbət onminlərlə azərbaycanlının ölkəyə qayıtmasından gedir. İndiki işsizlik şəraitində onların Azərbaycana gələcəyi təqdirdə nə edəcəyi böyük suallar doğurur. İllərdir ki, biz bu məsələləri qaldırırdıq, amma niyə məhz bu gün reaksiya verməsi həm Qusarda onlarla insanın əmlakının zorla ələ keçirilməsi, həm də miqrant məsələsidir. Dövlət başçısı həm də sərhədlərin hələ bağlı qalacağı mesajını verdi. Nəyin naminə? Əliyev sabitlik naminə bunu etdiyini deyir, belə çıxır ki, ölkədən didərgin salınan yüzminlərlə insanın dogma yurdlarına buraxılmaması naminə bunu edir. Budurmu sabitlik? Yaxud Əliyev ölkə daxilində sabitliyin pozulması üçün heç bir zəminin olmadığını bildirir”.

“Məgər yoxsulluq, bahalıq, haqsızlıq, polis zorakılığı sabitliyin pozulması üçün zəmin deyilmi?! Mən Azərbaycan rəsmilərinin xalqa verdiyi mesajlara inanmıram, buna əsas da yoxdur. Ona görə də Əliyevin dediyi kimi təhlükə yoxdur. O təhlükə olanda onu daxildən də, xaricdən də törədəcəklər, heç bir terrorçu, ekstremist sərhəd keçid məntəqələrindən keçmir, onlar sərhədləri silahlı hücum şəklində yarıb keçirlər. Bu mənada deyilənlər qurulmuş oyuna oxşayır, məqsəd sahibkarların əmlaklarını ələ keçirməkdir. Sərhədlər isə sadə insanlar üçün bağlı qalacaq, özləri üçün yox. Orada Qod Nisanovun obyektləri ələ keçirmək istəyir deyilir. Guya orada nəqliyyat-kommunikasiya texniki xidmət dayanacağı yaradılacaq. Bu da Azərbaycanla Rusiya arasında ticari əlaqələrin artması zərurətindən irəli gəlir. Yəni iki ölkə münaisbətləri cəmiyyətə aşıladıqları kimi gərgin deyil”, – deyə o bildirib.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Editor

Related Posts