Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda sərhədlərin bağlı qalması cəmiyyətdə gərginliyi və inamsızlığı artırır

Azərbaycanda sərhədlərin bağlı qalması cəmiyyətdə gərginliyi və inamsızlığı artırır

Bu yaxınlarda prezident İlham Əliyevin Milli Məclisə müraciəti Azərbaycandakı mürəkkəb geosiyasi vəziyyəti bir daha  sərt şəkildə xatırlatdı. Prezident xaricdən davam edən ideoloji və geosiyasi təxribatlardan və milli müdafiənin möhkəmləndirilməsinin zəruriliyindən açıq danışdı. Lakin məhz Azərbaycanda quru sərhədlərin bağlı qalmasının davam etməsilə bağlı söylədikləri siyasi dairələrdə ən intensiv müzakirələrə səbəb oldu.

Prezident qeyd etdi ki, sərhədin bir neçə il  bağlı qalması ölkəni “böyük fəlakətlər”dən və xarici təhdidlərdən qoruyub. Ancaq ölkədə çoxları məhdudiyyətlərin pandemiya ilə əlaqədar olmasına dair rəsmi əsaslandırmaya əmin deyil. Birinci24.com xəbər verir ki, ASTNA bu siyasətin Azərbaycanın daxili və beynəlxalq vəziyyətindən xəbər verdiyini başa düşmək üçün təcrübəli siyasi analitik və regional dinamika üzrə şərhçi Xaləddin İbrahimli ilə görüşüb.

* * *

Sual: Xaləddin bəy, prezident İlham Əliyev ehtimal edir ki, İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsilə barışa bilməyən xarici dairələr ölkəyə qarşı yeni planlar hazırlayırlar. Bu fikir nə dərəcədə həqiqətə uygundur? Həqiqətən belə planlar hazırlanırmı və əgər belədirsə, bu xarici xadimlər kimlərdir?

Cavab: Bu, sadəcə siyasi ritorika deyil; bu, təəssüf ki, bizim hesablaşmalı olduğumuz reallıqdır. Prezident konkret olaraq bu ölkələrin adlarını açıqlamasa da, fəaliyyətdə olan şəxslər müharibə zamanı və ondan sonra hadisələri yaxından izləyən hər kəsə məlumdur. Məsələn, münaqişə zamanı Azərbaycanda F-16 qırıcılarının görünməsi İrana mesaj kimi geniş yozulurdu. İran, Fransa, Rusiya və Hindistan –  bu ölkələr bölgədəki yeni status-kvo ilə əlaqədar müəyyən dərəcədə narahatlıq nümayiş etdirirdilər.

Məsələn, Rusiyanın Xankəndidə konsulluq açmasına icazə verilməməlidir, İran isə Zəngəzur dəhlizinə — Azərbaycan və Ermənistanın daxili işinə qarışmamlıdır. Fransanın ermənilərin Xankəndinə qayıtmasına kömək etməsinə imkan verilməməlidir və biz Hindistanın və ya İranın Ermənistanı silahlandırmağa imkan verə bilmərik. Bunlar qırmızı xətlərdir və onların keçilməsi çətinliklə qazandığımız  sülhü sarsıdar.

Sual: Prezident onu da vurğuladı ki, müharibənin başa çatmasına baxmayaraq, Azərbaycanın hərbi qüdrəti möhkəmlənməyə davam edəcək. Bu, Azərbaycanın yeni münaqişəyə hazırlaşdığına işarədirmi?

Cavab: Azərbaycan yeni müharibəyə başlamaq niyyətində deyil, lakin ölkənin coğrafiyası və geosiyasi kontekst onun ayıq-sayıq olmasını diqtə edir. Regionumuz ziddiyyətli maraqlarla doludur və təəssüf ki, Türkiyədən başqa bizim həqiqətən dost qonşularımız yoxdur. Həm Ermənistan, həm də Gürcüstan uzaq güclər tərəfindən bizə qarşı istifadə olunmağa  məruz qalırlar. Bu, onilliklər ərzində  reallıq olub və mən 1990-cı illərdən bəri öz işlərimdə bunu dəfələrlə qeyd etmişəm.  Milli təhlükəsizliyimiz güclü hərbi potensialımızı qorumağımızı tələb edir.

Sual: Prezident əliyev quru sərhədlərin bağlı qalmasının davam etməsinə toxunub və bunu təhlükəsizlik problemlərilə əlaqələndirib. Bağlanma həqiqətən milli təhlükəsizliklə əlaqəli ola bilərmi və ya başqa izahatı varmı?

Cavab: Reallıq daha mürəkkəbdir. Mən quru sərhədlərinin Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra açılacağını gözləyirəm. Lakin sərhədlərin bağlanmasının pandemiya ilə əlaqədar olmasına dair rəsmi versiya olduqca problemlidir. Bu yaxınlarda baş nazir bunu təkrarladı, lakin əhalinin 99% – i bunun doğru olmadığını bilir. Hər kəsin həqiqəti bildiyi halda belə bir açıqlama vermək təkcə ictimaiyyətə hörmətsizlik deyil, həm də açıq şəkildə təhqiredicidir. İnsanlarla belə rəftar eləmək  olmaz. Bu, məni dərindən məyus edir.

Əgər sərhədin bağlanması həqiqətən təhlükəsizliklə əlaqədar olsaydı, Gürcüstan sərhədini açıq saxlamağın  mənası olardı. Bu, həm orada yaşayan həmvətənlərimizə fayda gətirərdi, həm də Gürcüstan vasitəsilə Türkiyə ilə əlaqələri asanlaşdırardı. O zaman kimsə etiraz edə bilərdi: “Niyə mənimlə sərhədi bağlı saxlayırsınız?”(İranı nəzərdə tutaraq). Ancaq bu cür sual korrekt deyil. İran getdikcə daha çox düşmənçilik yaradır, bizi qorxutmaq üçün sərhədimiz boyunca qoşun və texnika toplayır. Bizim İrana qarşı siyasətimiz aydın və şəffaf olmalıdır.

Sual: Qeyd etdiniz ki, İranın son hərəkətləri Azərbaycanın sərhədləri yaxınlığında hərbi gücün artırılmasını əhatə edir. Bunun Azərbaycanın xarici siyasəti üçün hansı nəticələri var?

Cavab: İran bu hərbi manevrlər vasitəsilə aydın siqnal göndərməyə çalışır: o, Azərbaycanın müharibədən sonrakı vəziyyətindən və bizim Türkiyə və İsraillə sıx əlaqələrimizdən narazıdır. Tehran müxtəlif kanallardan, o cümlədən öz dini və mədəni şəbəkələrindən istifadə edərək Azərbaycan daxilində qavrayışa təsir göstərməyə çalışır. Məhz buna görə də mən hər zaman İrana qarşı çox açıq və şəffaf siyasətin tərəfdarı olmuşam. İranda 40 milyon etnik azərbaycanlı yaşayır ki, onlar Tehranın həqiqi niyyətindən xəbərdar olmalıdırlar ki, mollaların təbliğatı onları yanıltmasın.

İranın davranışı təkcə Azərbaycanın xarici siyasəti üçün çağırış deyil, həm də bizim daxili sabitliyimizə birbaşa təhdiddir. Bizim mövqeyimiz möhkəm və prinsipial olmalıdır. Biz Tehranın bizim suverenliyimizi pozmasına və ya bizə regional siyasət diqtə etməsinə imkan verə bilmərik.

Sual: Siz güman etdiniz ki, quru sərhədlərin bağlanması daha geniş siyasi nəzarət məsələsidir. Daha ətraflı danışa bilərsinizmi?

Cavab: Hökumətin sərhədləri bağlı saxlamaqda israrı- bunu pandemiyaya ilə əlaqələndirərək – ictimaiyyətin inamsızlığını artırır. Bəziləri hesab edir ki, bu, ölkənin təcrid edilməsi, əhaliyə nəzarət, məlumat və insan axınının məhdudlaşdırılmssı  üzrə miqyaslı planın bir hissəsidir. Belə qavrayış təhlükəlidir, çünki hökumətin bəyanatlarına inamı sarsıdır. Əgər bu məsələ şəffaf şəkildə həll olunmasa, dövlətlə onun vətəndaşları arasında münasibətlərə uzunmüddətli xələl gətirə bilər.

Sual: Azərbaycan hara gedəcək? Qonşularla deeskalasiyaya və ölkə daxilində daha açıq siyasi iqlimə yol varmı?

Cavab: Azərbaycanın strateji mövqeyi həmişə öz maraqları və qonşuların maraqları arasında həssas balanslaşmanın olmasını tələb edəcək. Deeskalasiya mümkündür, ancaq o, bizim qonşularımızdan — xüsusilə də İran və Rusiyadan – bizim suverenliyimizə hörmət etmələrini tələb edir. Ölkə daxilində hökumət öz siyasətində daha şəffaf olmalıdır, xüsusən də söhbətin sərhədlərin bağlanması kimi həssas məsələlərdən getdiyində. Yalnız o zaman biz milli birliyimizi möhkəmləndirə və daha dayanıqlı dövlət qura bilərik.

Editor

Related Posts