Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda anaların 28,  Ermənistanda 61%-i sosial cəhətdən müdafiə olunur

Azərbaycanda anaların 28,  Ermənistanda 61%-i sosial cəhətdən müdafiə olunur

Azərbaycanda hökumət əhalinin hər 3 nəfərindən birini sosial cəhətdən müdafiə edir 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2 ildən bir hazırladığı yeni qlobal sosial müdafiə hesabatını açıqlayıb.

Hesabatda ən müxtəlif indikatorlar əsasında təqdim olunan göstəricilər istənilən ölkədə əhalinin sosial müdafiəsi ilə bağlı real mənzərəni ortaya çıxarır.

Dünyada orta hesabla 52 faiz, Azərbaycanda 35 faiz… 

Hesabata görə, dünya əhalisinin 52,4 faizi hökumətin təqdim etdiyi ən azı bir sosial müdafiə proqramı ilə əhatə olunur. Bu göstərici yüksək inkişaf etmiş ölkələrdə 86 faiz, aşağı gəlirli ölkələrdə 10 faizə yaxındır. Araşdırmaya görə, həmin göstərici Azərbaycanda 35, Gürcüstan və Qazaxıstanda 94, Ermənistanda 49, Türkiyədə 64 faizdir. 

Azərbaycanda əhalinin sosial müdafiə ödənişlərinin 80 faizi vətəndaşların özlərinin ödədikləri sığorta ayırmaları, cəmi 20 faizi dövlət büdcəsinin vergi yığımları sayəsində mümkün olur. 

Gürcüstanda bu nisbət tam əksinədir – sosial müdafiə proqramlarının yalnız üçdə biri sığorta əsaslıdır. Region ölkələrindən Ermənistan və Türkiyədə də Azərbaycanda olduğu kimi sığorta əsaslı sosial ödənişlərin payı daha yüksəkdir.

Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatı bu hesabatda “sosial müdafiə proqramları” dedikdə icbari səhiyyə sığortasını bura aid etmir, onu ayrıca nəzərdən keçirir.

Azərbaycanda uşaqların 10 faizi, Qazaxıstanda 54 faizi sosial ödəniş alır

Hesabatda fərqli sosial qrupların müdafiə proqramları ilə bağlı göstəricilər də yer alıb. Məsələn, Azərbaycanda 15 yaşadək uşaqların cəmi 10 faizi (hər 10 uşaqdan biri) sosial müdafiə proqramları çərçivəsində ödəniş alır. Amma başqa ölkələrdə bu rəqəm daha yüksəkdir: Gürcüstanda 30, Ermənistanda 31, Qazaxıstanda 54, Belorusda 36, Çexiyada 79, Estoniyada 97, Almaniya və Finlandiyada 100 faizdir.

Azərbaycanda uşaq dünyaya gətirən anaların cəmi 28,5 faizi sosial cəhətdən müdafiə olunur. Həmin göstərici Ermənistanda 61, Gürcüstanda 27, Qazaxıstanda 51, Türkiyədə 62, Belorus və Çexiya, Estoniya kimi ölkələrdə 100 faiz təşkil edir.  

Hesabata görə, Azərbaycanda işsizlərin cəmi 1,6  faizi işsizlik müavinəti ala bilir. Amma bu göstərici Qazaxıstanda 23, Belorusda 45, Estoniyada 44, Fransa və Finlandiya kimi ölkələrdə 100 faizdir.  


Azərbaycanda işləyən əhalinin hər 5 nəfərindən biri pensiya sığortası ödəyir

Hesabata görə, Azərbaycanda 15 yaşdan yuxarı işləyən əhalinin cəmi 20 faizi pensiya sığortası ödəyir. Bu, fakt ölkədə təkcə qeyri-rəsmi məşğulluğun deyil, eləcə də etiraf olunmayan gizli işsizliyin də miqyasının həddən artıq yüksək olduğunu göstərir. Bu göstəriciyə görə bir çox region ölkələri Azərbaycandan xeyli irəlidədir. Məsələn, 15 yaşdan yuxarı işləyən əhalinin Qazaxıstanda 70 faiz, Türkiyə və Gürcüstanda 40 faizdən bir qədər çoxu pensiya sığortası ödəməklə qocalıq dövrünü zəmanət altına alıblar.    

Milli gəlirdən sosial müdafiə xərclərinə düşən pay

Hesabatda hökumətin sosial müdafiəyə çəkdiyi xərclərin ÜDM-ə nisbətilə bağlı da ölkələrarası müqayisə aparılıb. Bu xərclərə sosial müdafiə tədbirləri və səhiyyə xərcləri aid edilir.  Azərbaycan üzrə bu göstəricinin 10 faiz ətafında olduğu qeyd edilir. Azərbaycanla bağlı hesablamaya dövlət büdcəsindən, soial müdafiə və icbari tibbi sığorta fondlarından ayırmalar daxildir. 

Məlumat üçün qeyd etməyə dəyər ki, 2023-ci ildə Azərbayanın ÜDM-i 123 milyard manat, dövlət büdcəsindən və büdcədənkənar fondlardan sosial müdafə və səhiyyəyə ayrılan vəsaitlərin məbləği 11,8 milyard manat olub (büdcələrarası qarşılıqlı transfertlər çıxılmaqla xalis büdcə ödəmələri). Bu o deməkdir ki, real göstərici 9,5 faiz olmaqla hətta hesabatda göstəriləndən də bir qədər aşağıdır.

Müqayisə üçün deyək ki, qeyd olunan göstərici Belorusda 18, Gürcüstanda 11, Türkiyədə 10,5, Ermənistanda 8,7 faiz təşkil edir. Şərqi Avropa ölkələri və inkişaf etmiş ölkələrin analoji göstəriciləri daha yüksəkdir. Məsələn, sosial müdafiə və səhiyyəyə milli gəlirdən ayrılan pay Estoniyada 19, Çexiyada 22, Avstriyada 30 faizdir.

Editor

Related Posts