Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İnternet və telefon xidmətlərinin 92 faizi Bakının payına düşür

İnternet və telefon xidmətlərinin 92 faizi Bakının payına düşür

20 ildə heç nə dəyişməyib

Elə statistik göstəricilər var ki, onları sonadək saxtalaşdırıb real mənzərəni təhrif etmək heç də asan olmur. Əhalinin və biznesin telefondan və internetdən istifadəyə görə ödənişləri, bu ödənişlərin bölgələr üzrə həcmi belə statistik informasiyalardan biridir. Bu xidmət dövriyyəsi əhalinin və təsərrüfat subyektlərinin ödənişləri hesabına formalaşır. Söhbət həm sabit şəbəkə telefonları və onların vasitəsilə təklif olunan internet xidmətlərindən, həm də mobil telefon rabitəsi və bu şəbəkənin təklif etdiyi mobil internet xidmətlərindən gedir.

Bölgələr arasında xidmətlərin həcminə görə kəskin fərqin mümkün səbəbləri

Rəsmi statistikaya görə, 2023-cü ildə ölkə üzrə telekommunikasiya xidmətlərinin ümumi həcmi dəyər ifadəsində 1,49 milyard manat olub və onun 1,37 milyard manatı (92 faizi) tək Bakı şəhərinin payına düşüb.

Ən maraqlı detal odur ki, bu qədər kəskin fərq son 20 ildə dörd regional inkişaf proqramının icra edildiyi və həmin proqramlarn icrasına on milyardlarla manat sərf ediliyinə dair rəsmi məlumatların açıqlandığı bir dövrə təsadüf edir. 

Statistikaya görə, ilk regional proqramın icrasına başlanılmış 2004-cü ildə də telekommunikasiya xidmətlərinin təxminən 92 faizi məhz Bakının payına düşürdü. Yəni ötən 20 ildə bu sahədə dəyişən heç nə yoxdur.

Əgər bu xidmətlərin həcmi ilə bağlı məlumatlar təkcə ailə təsərrüfatlarını əhatə etmiş olsa idi, daha çox üç mümkün fərziyyə üzərindən analiz aparmaq olardı: bölgələrdə əhalinin rəsmi sənədlərdə göstəriləndən daha az, Bakıda isə daha çox məskunlaşması; bölgələrdə telekommunikasiya infrastrukturuna əlçatanlığın daha aşağı, yoxsulluğunsa daha yüksək səviyyədə olması səbəbindən bu xidmətlərə daha az vəsait xərclənir.

Şübhəsiz ki, əhaliyə münasibətdə bu amillərin hər biri mövcuddur. Ölkədə real daxili miqrasiyanın həddən artıq yüksək olmasını təsdqiləyən xeyli dolayı göstəricilər var (məsələn, elektrik enerjisi istehlakındakı və ya pərakəndə ticarət dövriyyəsinin regional strukturundakı kəskin fərqlər). Eləcə də məhsul istehsalının və iqtisadiyyatda yaranan əlavə dəyərin adambaşına həcminə görə regionlar arasında böyük differensasiya Bakı və əyalətlərdəki yoxsulluq səviyyəsi arasında uçurum olduğunu söyələməyə əsas verir.

Eyni fikri telekommunikasiya infrastrukturuna bərabər çıxışın olmaması barədə də demək olar. Doğrudur, rəsmi statistik hesabatlarda genişzolaqlı, eləcə də mobil internetlə təminat məsələsində Bakı və bölgələrin əhali sayı üzrə göstəricilər açıqlanmır, bu məlumat mümkün qədər qapalı saxlanılır. Amma aydın həqiqətdir ki, Bakı və iri şəhərlərdə əhalinin internetlə əhatə səviyyəsi əhalinin 40 faizindən çoxunun məskunlaşdığı kəndlərlə müqayisə edilməz səviyyədə yüksəkdkir. Amma telekommunikasiya xidmətlərinin regional həcmindəki fərqlər təkcə əhalinin yox, biznesin də əhəmiyyətli hissəsinin Bakıda cəmlənməsinin nəticəsidir.

Rəsmi statistikaya əsasən, hazırda ölkə üzrə ÜDM-nin 80%-i bilavasitə Bakı şəhərində formalaşır. Bu həm də yalnız neft-qaz sənayesi ilə bağlı deyil. Öz növbəsində, emal sənayesində yaranan ÜDM-nin 50 faizindən bir qədər çoxu, tikinti sektoru üzrə ÜDM-nin 56 faizi bilavasitə paytaxtın payına düşür. Təəssüf ki, statistik hesabatlarda telekommunikasiya xidmətlərinin həcmi ev təsərrüfatları və biznes üzrə ayrı-ayrılıqda açıqlanmır.

İnternet və telefon xidmətlərinin həcmi əyalətlər üzrə necə fərqlənir?

Rəsmi statistika Sumqayıt iqtisadiyyatının həcmini Abşeron rayonundan iki dəfə böyük, hər iki inzibati ərazi üzrə əhali sayını eyni göstərsə də, telekommunikasiya xidmətlərinin həcminə görə onlar arasında kəskin fərq var. Məsələn, 2023-cü ilin yekunlarına görə, məhsul buraxılışının ümumi həcmi Sumqayıtda 5 milyard manatdan çox, Abşeronda isə 2,6 milyard manat olub. Eyni zamanda, əhali sayının hər iki ərazidə 430 min nəfər ətrafında olduğu qeyd edilir. Amma 2023-cü ilin hesabatına görə, telekommunikasiya xidmətlərinin illik həcmi Abşeronda 11,3 milyon manat, Sumqayıtda isə 7,3 milyon manat olub. Böyük ehtimal, bu fərq Abşeronda əhalinin rəsmi statistikada göstəriləndən daha çox olmasından irəli gəlir. Bunu başqa bir statistika da aşkar göstərir – 2023-cü ildə telefon stansiyalarının ümumi nömrə tutumu Sumqayıtda 80 min, Abşeronda 206 min ədəd olub. Göründüyü kimi, aradakı fərq 2,5 dəfədən də çoxdur. Yaxud başqa bir statistikaya görə, Abşeronda əhali üzrə qaz abonentlərinin sayı 160 minə yaxın olsa da, Sumqayıtda təxminən 100 min abonent mövcuddur.

Kənd əhalisinin üstünlük təşkil etdiyi rayonlarla region əhəmiyyətli şəhərlər arasında da kəskin fərqlər müşahidə edilir. Məsələn, Naftalan şəhərinin əhali sayı Daşkəsən rayonundan 4 dəfə azdır, amma telekommunikasiya xidmətlərinin həcminə görə onu təxminən  30 faiz üstələyir. Yaxud bu xidmətlərin adambaşına düşən aylıq həcmi Naftalan şəhərində Ağsu rayonundan 4 dəfə yüksəkdir. Beləliklə, müasir dünyada telekommunikasiya xidmətləri ilə əhatə səviyyəsi, bu xidmətlərin keyfiyyəti və əlçatanlığı istənilən ölkənin və onun ixtiyari bölgəsinin inkişafını qiymətləndirmək üçün ən vacib indikatorların ön sırasında gəlir.

Xidmətlərin adambaşına həcminə görə rayonların sıralamasına diqqət yetirdikdə mənzərə daha aydın görünür. 2023-cü ildə telekommunikasiya xidmətlərinin ölkə üzrə adambaşına illik məbləği orta hesabla 150 manata yaxın olub. Ən yüksək göstərici Bakıda qeydə alınıb – 570 manat. Ən aşağı göstəricilərin qeydə alındığı rayonlarla Bakı arasında fərq 70-80 dəfə təşkil edib və telekommunikasiya xidmətərindən istifadənin autsyayderi olan bölgələr bunlar olub: Cəlilabad (6 manat), Sabirabad (6,5 manat), Salyan (6,5 manat) Şəmkir (7 manat), Yardımlı (7manat), Daşkəsən (7,8 manat).

Editor

Related Posts