Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda bələdiyyələr yarıdan çox azaldılır

Azərbaycanda bələdiyyələr yarıdan çox azaldılır

Azərbaycanda bələdiyyələr birləşdirilir, bununla da onların sayı kəskin azaldılır.

Birinci24.com xəbər verir ki, bununla bağlı bu gün, oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə aparılıb.

Komitədən verilən məlumata görə, 1400 bələdiyyənin birləşdirilməsi, bununla da ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub.

Deputatların deməsinə görə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara əlavə – Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

İclasda vurğulanıb ki, bu ilin sonu keçiriləcək bələdiyyə seçkilərində səsvermə yeni yaradılacaq bələdiyyələr üzrə aparılacaq.

Bu vaxta qədər

Bundan əvvəl də Azərbaycanda bələdiyyələr birləşdirilib.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı yenə aşağı salınıb və hazırda 1606-dır.

Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

Xatırlatma

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu il gözlənir.

Azərbaycanda bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll etməlidir.

Bəzi ekspertlər deyir ki, Azərbaycanda bələdiyyələrin yetərincə səlahiyyətləri yoxdur. Onlar hesab edirlər ki, bələdiyyələr dövlət orqanları sisteminə daxil edilməlidir.

Editor

Related Posts