Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunda təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.

Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar müvafiq sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sərəncamların icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğu arasında qarşılıqlı əməkdaşlıq qurulub, bu istiqamətdə fəaliyyət genişləndirilib. Gələcəyin hüquqşünasları üçün seminar-məşğələlərin keçirilməsi, onların prokurorluqda ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakının və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsinin, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi üzrə məhkəmələrdə iştirakının təmin olunması həyata keçirilir.

“Hami təşkilatlar tərəfindən belə tədbirlərin təşkili nəticəsində tələbələr ilkin təcrübələrə yiyələnir və bu sahədə nəzəri biliklərini praktikada daha da təkmilləşdirirlər. Bu da gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, öz ixtisaslarına dərindən yiyələnmələrinə, eləcə də startap ideyalarının formalaşdırılmasına yeni imkanlar yaradır”, – deyə Səbuhi Şahverdiyev qeyd edib.

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri Elman Abbasov bildirib ki, tələbələrin prokurorluq orqanları ilə tanışlığı onların gələcək fəaliyyətlərinə stimul verəcək.

Prokurorluğun əməkdaşlarının çıxışlarından sonra tələbələr iş prosesləri ilə tanış olub. Gələcəyin hüquqşünasları hadisə yerində tozlandırma üsulu ilə barmaq izlərinin və digər izlərin aşkar edilməsi proseslərinin ardıcıllığı ilə əyani tanış olublar və onların sualları cavablandırılıb.

Həmçinin hadisə yerinin müayinəsinin aparılması qaydası, cinayət işinin istintaqı zamanı aparılan ilkin istintaq hərəkətləri, şərti olaraq yaradılmış hadisə yerinə baxış və istintaq hərəkətinin keçirilməsi qaydası, prokurorluğun kriminalistik avtomaşınının və kriminalistik vasitələrin iş prinsipi tələbələrə əyani izah edilib.

Tanışlıq zamanı həmçinin prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları barədə də məlumat verilib. Tələbə-hüquqşünaslar ayrı-ayrı şöbələrin iş fəaliyyəti və kitabxana fondu ilə də tanış olublar.

admin

Related Posts