Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tələbələrlə maarifləndirici söhbət aparıblar

Payız-qış mövsümündə valideyn himayəsindən uzaq olan, kirayə evlərdə yaşayan tələbələr qaz, elektrik və suqızdırıcı cihazlarından düzgün istifadə etmədikdə yanğın hadisələri və dəm qazından zəhərlənmə halları ilə üzləşirlər.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici söhbət aparıblar.

Diqqətə çatdırılıb ki, qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə olunmaq üçün bir sıra qaydalara əməl etmək zəruridir. Qaz cihazı alan zaman onun sənaye üsulu ilə hazırlanmasına və avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmamasına diqqət yetirilməlidir. Həmçinin cihazın uyğunluq sertfikatını, texniki pasportunu və Azərbaycan dilində işlətmə təlimatını tələb etmək vacibdir. Bundan başqa cihazın istismar qaydaları, tüstü borusunun düzgün quraşdırılması, hansı rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.

Qeyd olunub ki, qaz cihazlarının istismarı zamanı insanların üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Bu xoşagəlməz hallar daha çox hava təchizatı pis olan otaqlarda, habelə standarta uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcıların istismarı, işlək vəziyyətdə olmayan tüstü bacaları və borularından istifadə zamanı baş verir.

Tədbirdə həmçinin dəm qazından zəhərlənmələrin əlamətləri və zəhərlənən insana ilk tibbi yardımın göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin istismarı, eləcə də muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr, bu zaman davranış qaydaları barədə də məlumatlar verilib.

admin

Related Posts