“MedEra Hospital”ının gözətçisinə qarşı xuliqanlıqda, eləcə də xadiməyə baltayla xəsarət yetirməkdə suçlanan müğənni Ağadadaş Ağayevə şərti cəza verilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, martın 6-da Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda ona hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub.
Ağadadaş Ağayev hökmdən apellyasiya şikayəti verəcəyini deyib.
Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera Hospitalı”n mühafizəçisi Nurəddin Cəlilova da hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nürəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.
2024-cü ilin iyulun22-də Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevanın ayaq nahiyəsinə dəyib.
Mühafizəçi Nurəddin Cəlilov isə Ağadadaş Ağayevi döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
2025-ci il yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq olub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.