Martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından sayılan Məhəmməd Əmin Rəsulzadənin anım gündür. Onun ölümündən 70 il keçir.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı şəhərinin ətrafındakı Novxanı kəndində doğulub.
O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib.
Çar Rusiyası imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.
1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı yenidən işğal edib. M.Ə.Rəsulzadə həbs edilib, daha sonra Moskvaya aparılıb, Moskvadan isə mühacirətə gedib. O, ömrünün bütün qalan hissəsini mühacirətdə yaşamalı olub.
Onun ailəsi repressiyaya məruz qalıb.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyə paytaxtı Ankarada vəfat edib və hazırda məzarı oradadır.
Sovet dövründə düşmən obrazı yaradılan M. Ə. Rəsulzadə və başqa cumhuriyyətçilər müstəqillik dönəmində də doğma münasibət görmədilər. Doğrudur, 1990-cı illərin əvvəlində onun şəkli milli valyutanın üzərində əks olunsa da, bəzi yerlərdə heykəli, büstü qoyulsa da, əliyevlər hakimiyyəti dövründə ona münasibət birmənalı olmadı. Onun adı Bakı Dövlət Universitetindən və büstü adıçəkilən universitetin qarşısından götürülüb, uzun illər şəhərin mərkəzində – Kukla Teatrının qarşısında heykəli qoyulacağı deyilsə də, həmin abidə qoyulmayıb. Bundan başqa, vaxtilə onun şəkli manatın üzərində həkk edilsə də, sonradan neft buruqları ilə əvəzlənib.
Ötən ilin aprelində isə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında təmir aparılarkən Cümhuriyyətin Rəsulzadənin sözlərinin əks olunduğu lövhə götürülüb. Həmin lövhədə onun məşhur fikirlərindən biri yer almışdı: “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Onun ölümündən iki il öncə – 1953-cü ilin mayında “Amerikanın Səsin”ə müsahibəsində dediyi fikirlər isə bu gün də aktualdır:
“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir”.