Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Dövlət Turizm Agentliyinin həbs olunan əməkdaşının kimliyi bəlli olub

Dövlət Turizm Agentliyinin həbs olunan əməkdaşının kimliyi bəlli olub

Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş və haqqında həbs qətimkan tədbiri seçilmiş əməkdaşının adı açıqlanıb. 

Hökumətyönlü media yazır ki, DTA-nın Nicat Hüseynov adlı əməkdaşı martın 4-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub və məhkəmə qarşısına çıxarılıb. 

Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Xəbərdə Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi yazılsa da, onun hansı maddə ilə ittiham olunduğu və həbs qətimkan tədbirinin müddəti bildirilməyib. 

Bundan əvvəl, martın 4-də DTA sədri Fuad Nağıyevə Prezident İlham Əliyevin sərəncamı ilə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət verilib.

Ancaq sərəncamda töhmətin nədən ibarət olduğu və konkret hansı nöqsanlardan söhbət getdiyi qeyd olunmayıb. 

Buna baxmayaraq, hökumətyönlü mediada Nağıyevin rəhbərlik etdiyi təşkilatda çalışan əməkdaşların xidməti yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürdükləri, Nağıyevin və işçilərinin də məhz buna görə cəzalandırıldığı iddia olunub. 

“Lent.az” xəbər saytında yayımlanan məqalədə, həmçinin Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılıb. 

Yerli mediada yayılan xəbərlərə görə,  “Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı martın 5-i fəaliyyətini dayandırıb.

Martın 5-i “Lent.az” Nağıyev və DTA-da çalışan bəzi əməkdaşların istintaqa çağırıldığını bildirib. Eyni gündə “Modern.az” xəbər saytı DTA-nın Aparat rəhbəri Kənan Qasımovun işdən çıxarıldığı xəbərini yayıb. Ancaq bu iddialar rəsmi olaraq təsdiqlənməyib. 

Editor

Related Posts