4 nəfər həbs edilib, azyaşlının anasına cinayət işi açılıb.
Yardımlıda məktəbliyə qarşı cinsi zorakılıq faktının qeydə alındığı bildirilir.
Bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və seks işçiliyinə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dörd nəfər həbs edilib.
Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə (yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır.
“Azyaşlı reabilitasiyaya cəlb ediləcək, sığınacağa yerləşdiriləcək”, – Kəmalə Ağazadə deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu faktı təsdiqləyib.
Qeyd olunub ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova isə bildirib ki, cinsi zorakılığa məruz qalan azyaşlı qıza və qardaşına qəyyum təyin edilib.
O qeyd edib ki, hər iki azyaşlı Bakıdakı sığınacaqlardan birinə yerləşdiriləcək:
“Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri həyata keçirilir. Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil”.