Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralıdır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, texnikanın içində köməksiz qalıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yaralıları ekskavatorun içindən çıxararaq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparıldığı bildirilir.