Müasir banklar sürətli texnoloji dəyişikliklər fonunda öz əhəmiyyətlərini qorumağa çalışırlar və üç əsas istiqamətə – yerləşdirilmiş maliyyə, süni intellekt (AI) və maliyyə sənayesinin desentralizasiyasına diqqət yetirirlər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu “Bir Ecosystem”in baş direktoru, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri, “PASHA Technology” MMC-nin Müşahidə Şurasının üzvü və “PASHA Holdinq” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən “AmCham Lead x Talks” sessiyasında bildirib.
O qeyd edib ki, ilk olaraq maliyyənin adi xidmətə çevrilməsi müşahidə edilir: “Banklar standart xidmət təminatçılarına (elektrik enerjisi və ya su) çevrilmək riski ilə üzləşirlər. Bunun qarşısını almaq üçün biz yerləşdirilmiş maliyyə (embedded finance) modelini inkişaf etdiririk. Bu, xüsusilə regionumuz üçün aktualdır. Söhbət elə ekosistemlərin yaradılmasından gedir ki, burada maliyyə xidmətləri gündəlik həyata – alış-verişə, nəqliyyata və ya abunəliklərə üzvi şəkildə inteqrasiya olunur”.
F.Məmmədovun sözlərinə görə, ikinci əsas istiqamət süni intellektdir: “Artıq iki ildir ki, süni intellekt diqqət mərkəzindədi. Əminəm ki, “McKinsey”nin iyunda keçiriləcək konfransında da vəziyyət dəyişməyəcək. Bu, AI-ın müvəqqəti bir şey olmadığını göstərir. Ekspertlər onu tarixin gedişatını dəyişdirən texnologiyalarla – buxar maşını, kalkulyator və ya abak ilə müqayisə edirlər. Süni intellekt – insan ilə danışa bilən ilk texnologiyadır. Bu, inqilabdır”.
Üçüncü istiqamət kimi F.Məmmədov maliyyə sisteminin desentralizasiyasını qeyd edib.
“Uzun müddət banklar maliyyənin yeganə mərkəzi olub. Tənzimləmə və yüksək maneələr onları rəqabətdən qoruyub. Lakin hər şey dəyişdi. Əvvəllər qiymətləndirilməyən fintex-startapları bu gün tam hüquqlu sənayeyə çevriliblər. Blokçeyn və tokenizasiya kimi texnologiyalar isə desentralizasiyaya töhfə verir. İndi hətta kiçik oyunçular da maliyyə bazarına təsir göstərə bilirlər”, – o vurğulayıb.