Today Cümə, 25th Aprel 2025
Birinci 24

Birinci 24

Talassemiyalı uşaqların ailələrinə qarşı dələduzluq: Talassemiya Mərkəzində aldadılıblar?

Talassemiyalı uşaqların ailələrinə qarşı dələduzluq: Talassemiya Mərkəzində aldadılıblar?

Talassemiyalı uşaqların xaricdə müalicəsi adıyla ailələri aldadıb onların toplam 1 milyona yaxın pulunun ələ keçirilməsinə dair cinayət işində Talassemiya Mərkəzinin də adı keçir. Zərərçəkənlər deyirlər ki, təqsirləndirilən üç nəfərdən birini – Aynur Bayramovanı bu Mərkəzdən tanıyıblar, o, oradakı otağında qeydiyyat işləri aparıb. Sonradan A.Bayramova onları digər təqsirləndirilən şəxslə – “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidova ilə tanış edib. Deyilib ki, uşaqların əməliyyat xərclərinin bir bölümünü Seyidovanın rəhbərlik elədiyi şirkət qarşılayacaq, qalanını ailələr gətirməlidir.

Bu üzdən, zərərçəkənlər Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərovanın məhkəməyə çağrılıb dindirilməsini tələb ediblər.

X.Cəfərova aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi ifadə verib. Onun dediyinə görə, A.Bayramova “Medical Park” klinikasının kuryeri kimi Talassemiya Mərkəzinə gəlib-gedib, həkim heyətində qan daşıyıb. Onun əməllərindən bilgisiz olduğunu söyləyən keçmiş baş həkim zərərçəkənlərdən birinin A.Bayramovadan şikayətindən sonra bundan xəbər tutduğunu bildirib. Şikayətçi A.Bayramovanın uşağa əməliyyat gərəkdiyi adıyla onlardan pul alaraq aldatdığını deyib: “Dərhal tədbir gördüm, onun Mərkəzə girişinə qadağa qoydum. Düzdür, eşitmişdim ki, bunların hansısa şirkəti əməliyyat xərclərinin yarısını üzərinə götürür. Amma onların yanına heç kimi göndərməmişəm”.

Zərərçəkənlər X.Cəfərovanın dediklərinə etiraz edərək deyiblər ki, A.Bayramova Mərkəzdə qeydiyyatçı idi, o da bunu bilirdi.

Təqsirləndirilən A.Bayramovanın özü də X.Cəfərovanın yalan danışdığını söyləyib və Talassemiya Mərkəzində ona otaq ayrıldığını təsdiqləyib: “Mənə də, Nuridəyə də siz xəstə göndərirdiniz. İndi isə elə danışırsınız ki, guya xəbəriniz olmayıb? Halbuki, nə demisinizsə, onu da eləmişik”.

Məşhur cərrah da məhkəmə önündə

Bu işlə bağlı məhkəmə araşdırmalarında Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin də adı dəfələrlə hallanıb. Zərərçəkənlərin bir neçəsi onları təqsirləndirilən şəxslərin yanına həkim Kazıminin göndərdiyini deyib. Bu üzdən, aprelin 23-də o da məhkəməyə çağrılıb.

M.Kazımi təqsirləndirilən üç nəfərdən ikisini – A.Bayramova ilə N.Seyidovanı tanıdığını təsdiqləyib. Onun sözlərinə görə, Seyidovanın şirkətlərinin onun çalışdığı Mərkəzi Gömrük Hospitalıyla müqaviləsi olub, xəstələr gəlib əməliyyat edilib: “İmkansız xəstələrə məlumat verilib ki, belə bir şirkət var, əməliyyatın bir hissəsini öz üzərinə götürür. Kömək məqsədilə bir neçə xəstəyə demişik. Heç bir başqa məqsəd olmayıb”.

Məhkəmədə M.Kazıminin bu cinayət işiylə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də dindirildiyi bilinib.

Xatırlatma

Bu cinayət işi üzrə toplam 36 nəfər zərərçəkmiş qismində tanınıb. Onların pullarını ələ keçirməkdə təqsirləndirilən üç nəfər – “Urmedhelp” və “My Doc Tour” şirkətlərinin rəhbəri Nuridə Seyidovaya, onunla birlikdə işləmiş həkim Aysel Məmmədova ilə Aynur Bayramovaya Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham verilib. Bu maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Editor

Related Posts