Today Cümə axşamı, 15th May 2025
Birinci 24

Birinci 24

Parlamenti monitorinq edən platforma üzvlərinin məhkəməsi başlayır

Parlamenti monitorinq edən platforma üzvlərinin məhkəməsi başlayır

“Məclis info işi” üzrə həbs olunan İmran Əliyev və polis nəzarətinə verilən Elgiz Qəhrəmanın məhkəməsi başlayır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı onların yaxınları verib. Bildirilib ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.

“Məclis info” platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ məlumatlar təqdim edirdi. Eyni zamanda, millət vəkillərinin iştirakı ilə gündəmə uyğun müzakirələrə təşkilatçılıq edirdi.

Sonradan hökumətə yaxın media orqanlarında bu qrup haqqında da cinayət törətmələrinə dair mənbəyi göstərilməyən məlumatlar yayıldı. Elə həmin günlərdə – ötən il aprelin 18-də İmran Əliyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları onu polisə təhvil veriblər.

O, ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı da 8 maddə ilə yeni ittiham irəli sürülüb.

İctimai fəal Elgiz Qəhrəman isə “Məclis info işi” üzrə təqsirləndirilən şəxs qismində bu ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub. İstintaq orqanı onun barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçib.

Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən 8 ağır maddə ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri cinayət işinin siyasi sifariş əsasında açıldığını bildirirlər.

Elgiz Qəhrəman bundan əvvəl də 2016-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs olunub. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Editor

Related Posts