Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq prosesini beş aydır uzadır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, APA-nın mənbəsinə istinadən yazdığına görə, Azərbaycan hər ay bu məsələ ilə bağlı Rusiyaya müraciət etsə də, qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır və müraciətlərə cavab vermir.
“Bu beş ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs qətimkan tədbiri seçilməyib”, – mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, bir müddət öncə Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə də nəticəsiz qalıb:
“Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.
2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
2025-ci il fevralın 4-də Qazaxıstanın Nəqliyyat Nazirliyinin ilkin açıqlamasında bildirilib ki, Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.
Ardınca “Reuters” Azərbaycan hökumətindəki anonim mənbəsinə istinadən məlumat yayaraq, təyyarənin Rusiyanın “Pantsir-S” raketi ilə vurulduğunu bildirib.
Kreml Qazaxıstanın qəza ilə bağlı ilkin hesabatını şərh etməyib, istintaqın tamamlanmasını gözləməyə çağırıb.
Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb.