Today Cümə axşamı, 7th Avqust 2025
Birinci 24

Birinci 24

ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sənədi imzalanacaqmı?

ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sənədi imzalanacaqmı?

ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə cümə günü Ağ Evdə görüşəcək.

Artıq Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə rəsmi səfəri başlayıb.

Bir çox media adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinad edərək, bu görüşün nəticəsində tərəflərin yeni mərhələyə keçəcəyini qeyd edir.

Bəs doğrudanmı bu görüş 30 ildən artıqdır imzalanmayan sülh müqaviləsinin bağlanması ilə nəticələnəcək?

Siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, yox.

Onun fikrincə, yekun sülh müqaviləsinin imzalanması üçün ciddi hazırlıq mərhələsi tələb olunur. Buna sərhədlərin demarkasiyası və delimitasiyası da aiddir ki, bu proses tam başa çatmayıb. Oruclunun sözlərinə görə, digər məsələ Azərbaycanın Ermənistandan Konstitusiyanın dəyişmək tələbləri var:

“Əgər sülh müqaviləsi, yekun sənəd imzalanacaqsa, bu tələblər necə olacaq? Ümumiyyətlə, tərəflər yekun sülh müqaviləsinin imzalanmasına hazırdırlarmı — siyasi baxımdan, psixoloji baxımdan? Bunların hamısı suallardır və bu suallar aktual olaraq qalır”.

Politoloq bütün bu məsələlər öz həllini tapmadan sülh müqaviləsinin imzalanmasını real hesab etmir. Onun sözlərinə görə, sülh sənədinin imzalanması üçün hələlik şərtlər və şərait yoxdur və əgər hər hansı sənəd imzalanacaqsa, bu, sülh müqaviləsi olmayacaq. 

“Bu, niyyət memorandumu, niyyət protokolu və ya çərçivə sazişi ola bilər. Amma belə hazırlıqsız şəraitdə və dediyim kimi, bir çox sualların açıq qaldığı bir məqamda yekun sülh sənədinin imzalanması inandırıcı görünmür. Hansısa bir mərhələ üçün anlaşma imzalana bilər – bu, mümkündür”,- o deyib.

Siyasi şərhçi Rahim Hacıyev görüşün arxasında daha geniş geosiyasi məqsədlər dayandığını bildirir. Onun fikrincə, Tramp bu təşəbbüslə həm regional nüfuzunu artırmağa, həm də Nobel Sülh Mükafatına namizədliyini möhkəmləndirməyə çalışır.

O deyir ki, Tramp özünü sülh yaradan lider kimi göstərmək istəyir.

Eyni zamanda, Rusiya hazırda Ukrayna müharibəsində ilişib qalıb və bölgədə təsir imkanları azalıb və bu, ABŞ üçün Cənubi Qafqazda möhkəmlənmək baxımından fürsətdir.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə “Zəngəzur dəhlizi”nin açılması məsələsinin də ön plana çıxacağı deyilir.

Bakı bu dəhliz vasitəsilə Ermənistan ərazisindən keçməklə Naxçıvanla əlaqə qurmağı hədəfləyir, lakin Yerevan “Zəngəzur dəhlizi” anlayışına qarşı çıxır.

ABŞ-nin bu dəhlizin idarəsini 100 illiyinə amerikalı şirkətə verməyi təklif etdiyi bildirilir. Ermənistan suverenliyinə zidd hesab etdiyi üçün bu təklifi rədd edib. Belə bir ideyanı ilkin olaraq Türkiyənin irəli sürdüyü, lakin tərəflər arasında idarəçilik mexanizmi ilə bağlı razılaşma əldə olunmadığı qeyd olunur.

Ermənistan şirkətin dəhlizin Naxçıvan hissəsini də idarə etməsini istəyib. Rəsmi Bakı isə bunu qəbul etmir.

“Reuters”in avqustun 7-də yazdığına görə, Ağ Evdə baş tutacaq görüş zamanı ABŞ-yə “Zəngəzur dəhlizi” ilə bağlı eksklüziv inkişaf hüquqları verilə biləcək bir çərçivə sənədinin imzalanması mümkün ssenarilərdən biridir.

Rahim Hacıyev deyir ki, əslində Nikol Paşinyanın çıxışlarından bu ehtimalları istisna etmədiyini güman etmək olar.

“Paşinyan çıxışları ilə göstərir ki, “biz həll yolu tapmağa çalışacağıq, istəyirik, yəni meyillik, dərhal imtina etmirik”. Ona görə də hansısa bir şəkildə yolun açılması məsələsi, güman edirəm gündəmdədir. Türkiyə özü də maraqlıdır. Türkiyə və Ermənistan arasında münasibətlərin intensivləşməsi, Paşinyanı Erdoğanın qəbul etməsi göstərir ki, Türkiyə mümkün qədər tez, Azərbaycan- Ermənistan arasında nizamlanmanın olmasını istəyir”, – o deyib.

Hacıyev qeyd edir ki, Ermənistan dəfələrlə sülh sənədini imzalamağa hazır olduğunu bəyan edib, lakin Azərbaycan tərəfi bunu müxtəlif səbəblərlə uzadıb. Onun fikrincə, bu, həm daxili siyasi səbəblərlə, həm də xarici faktorların təsiri ilə bağlı ola bilər:

“Azərbaycandakı rejim repressiv rejimdi, totalitarizmə doğru ölkəni aparır. Belə rejimlər konflikt vəziyyətlərini istəyirlər. Uzun müddət ərzində ABŞ-nin çox ciddi səyləri olub, Bayden hakimiyyəti dövründə də olub, Şarl Mişelin təşəbbüsləri olub, heç birinə İlham Əliyev müsbət cavab vermədi. İstəsəydilər, edərdilər”.

Bəs Rusiyanın buna münasibəti nədir?

Ərəstun Oruclu bildirir ki, prosesin hansısa formada Rusiya ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil. Onun fikrincə, iki ssenari mümkündür: Ya Vaşinqton Moskvanı əvvəlcədən məlumatlandırıb və bölgəyə birbaşa müdaxilə etməyəcəyini çatdırıb, ya da Rusiya bu prosesə mənfi yanaşır, lakin ABŞ onun etirazlarını nəzərə almır.

Orucluya görə, ikinci halda Rusiya müxtəlif yollarla bu prosesi yavaşlatmağa çalışacaq:

“Bölgədə qarışıqlıq, qarşıdurma, xaos yaratmağa cəhd ediləcək. Ciddi xaos olmayacaq, çünki bu, Rusiyanın marağında deyil. Amma hər bir halda, əgər bu məsələ Rusiya ilə razılaşdırılmayıbsa, o bütün vasitələrlə çalışacaq ki, bu prosesi ya pozsun, ya dayandırsın, ya da onun növbəti mərhələyə keçməsinə imkan verməsin”.

Ümumiyyətlə, ekspertlər sülh müqaviləsinin imzalanmasa belə, tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsi ehtimalını istisna etmirlər.

Editor

Related Posts