Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri ABŞ-də strateji sülh və tranzit sazişi imzalayacaqlar.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmiləri “Reuters” agentliyinə məlumat veriblər.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Görüşün sonunda Azərbaycan və Ermənistan arasında sülhə aparan çərçivə sənədinin imzalanacağı bildirilir. Bu sənəd həm də ABŞ-yə Cənubi Qafqaz bölgəsində strateji tranzit dəhlizi qurmaq üçün müstəsna və uzunmüddətli hüquqların verilməsini nəzərdə tutur.
Rəsmilərin sözlərinə görə, imzalanacaq sənəd sülhə aparan konkret yol kimi təqdim olunur və regionda illərdir davam edən münaqişələr və qapalı sərhədlərlə bağlı problemləri aradan qaldırmağı hədəfləyir. Həmçinin bu razılaşma Cənubi Qafqaz bölgəsində ABŞ-nin təsirini artıracaq və regionun tranzit imkanlarını genişləndirəcək.
Çərçivə sənədinə əsasən, Ermənistan öz ərazisində TRIPP – Beynəlxalq Sülh və Rifah üçün “Tramp marşrutu” adlı tranzit dəhlizinin yaradılması üçün ABŞ-yə eksklüziv və uzunmüddətli hüquqlar verəcək. Yeni dəhliz Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. ABŞ isə dəhliz boyunca infrastrukturun qurulması və idarə olunması üçün ərazini xüsusi konsorsiuma subicarəyə verəcək.
ABŞ rəsmilərinin sözlərinə görə, bu təşəbbüs kommersiya əsaslı mexanizmlərlə həyata keçiriləcək və bu addım regionun iqtisadi potensialını artırmaqla yanaşı, yeni hərbi əməliyyatların qarşısını almağa da kömək edəcək.
Sazişin imzalanması ilə paralel olaraq Ermənistan və Azərbaycan liderləri, 1992-ci ildən Fransa, Rusiya və ABŞ-nin vasitəçiliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb edən sənədlərə də imza atacaqlar.
Agentlik yazır ki, Ağ Evdə keçiriləcək görüş, Prezident Trampın Rusiya Prezidenti Vladimir Putinə ya Ukraynaya qarşı işğala son qoyması, ya da yeni iqtisadi sanksiyalarla qarşılaşması üçün verdiyi son tarixlə üst-üstə düşür.