Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) müstəqil jurnalist – Ülviyyə Əli (Quliyeva) və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin həbsini pisləyən bəyanat yayıb.
“Ülviyyə Əli və Əhməd Məmmədlinin həbsi Azərbaycan hakimiyyətinin müstəqil jurnalistikanı tamamilə məhv etməyə yönəlmiş niyyətinin bariz nümunəsidir. Azərbaycan hakimiyyəti onları dərhal azad etməli və polis zorakılığı ilə bağlı yayılan ciddi iddiaları təcili araşdırmalıdır”, – Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə aparıcı tədqiqatçısı Anna Brakha bildirib.
Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Ülviyyə Əli ilə Əhməd Məmmədlinin həbsini və onlara qarşı fiziki zorakılığı kəskin pisləyib.
Federasiyalar bu hadisəni ölkədə mətbuat azadlığına qarşı dərinləşən təzyiqlərin bir hissəsi kimi qiymətləndirib:
“Hər iki jurnalist bu həftə fərqli vaxtlarda, polisin zorakılığı, əsassız həbslər və siyasi motivli ittihamlarla saxlanılıb. Bu həbslər Azərbaycanda müstəqil medianın sistemli şəkildə boğulmasının tərkib hissəsidir. 2023-cü ilin sonlarından bəri Meydan TV və “Toplum TV” daxil olmaqla 30-dan çox jurnalist və media əməkdaşı saxlanılıb. EFJ və IFJ yerli və beynəlxalq təşkilatlara qoşularaq Ülviyyə Əli, Əhməd Məmmədli və digər həbsdə olan bütün jurnalistlərin dərhal azad olunması üçün çağırış edir. Federasiyalar Azərbaycanda mətbuat nümayəndələrinə qarşı fiziki zorakılığın, qaralama kampaniyalarının və siyasi motivli ittihamların ifadə azadlığına qarşı alətə çevrilməsini qınayır”.
Ülviyyə Əli 2025-ci il mayın 7-nə keçən gecə saxlanılıb. Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunan jurnalist 1 ay 29 gün müddətinə həbs olunub.
Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Ülviyyə Əli 2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə əlaqədar dindirilib, onun ölkədən çıxışına qadağa qoyulmuşdu.
Jurnalist bu qərarla razılaşmamış və məhkəməyə müraciət etmişdi.
O, MeydanTV ilə əməkdaşlıq etmədiyini açıqlamışdı.
Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalistdir. Meydan TV bildirir ki, Ülviyyə Əlinin bu media qurumu ilə əməkdaşlığı yoxdur.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.
Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.
Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV işi” ilə əlaqədar həbs edilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.
“Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli mayın 6-da saxlanılıb.
İddia olunur ki, Əhməd Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirib.
Mayın 8-də Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (Xuliqanlıq: Silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.