Today Cümə axşamı, 15th May 2025
Birinci 24

Birinci 24

Qadağa ərəfəsində qohum evliliyi arta bilərmi?

Qadağa ərəfəsində qohum evliliyi arta bilərmi?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri bu ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.0-dan 4.4-ə qədər artıb, boşanmaların sayı isə 2.0-dan 1.9-a düşüb.

Bundan əvvəlki illərdə Azərbaycanda, bir qayda olaraq, nikahların sayında azalma, boşanma hallarında isə artım müşahidə edilib.

İndi nikahların sayında artım cəmiyyətdə müzakirələrə səbəb olub.

Bəzi sosioloqlar hesab edirlər ki, uzun illərdən sonra nikah sayında qeydə alınan artım qohum evliliyinə qoyulan qadağa ilə əlaqədardır. Onlar xatırladırlar ki, ötən il Ailə Məcəlləsinə edilən dəyişikliklə Azərbaycanda qohum evliliyi rəsmən qadağan edilib. Düz 46 gündən sonra, iyulun 1-də bu qadağa qüvvəyə minəcək.

Belə müzakirələrə qatılan deputatlardan Mehriban Vəliyeva isə deyib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra aydın bilmək mümkün olacaq. Onun mövqeyinə görə, əgər artım buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək: “İndi nikahların sayının artması çox yaxşı haldır. Amma indi bunu bəzi ekspertlər iyulun 1-də qohum nikahlarına qadağa qoyulması ilə bağlı qanunvericiliyə dəyişikliyin qüvvəyə minməsi ilə izah edirlər. Bunun üçün çox ciddi statistik təhlillər lazımdır”.

Deputatin fikrincə, bunu subyektiv olaraq koronavirus pandemiyası və İkinci Qarabağ müharibədən sonra gənclər arasında inamla da izah etmək olar.

Ailə Məcəlləsinə qeyd edilən dəyişiklik əhalinin sağlamlığı nöqteyi-nəzərindən izah edilib. Deputatlar hesab edirlər ki, qohum evlilikləri bu nikahdan doğulan körpələrdə genetik xəstəliklər riskini artırır.

Editor

Related Posts