Today Cümə, 13th İyun 2025
Birinci 24

Birinci 24

Müsavat Partiyasının 3 üzvünə hökm oxunub 

Müsavat Partiyasının 3 üzvünə hökm oxunub 

İyunun 11-də Biləsuvar Rayon Məhkəməsində Müsavat Partiyasının 3 üzvünə azadlıq məhrumetmə cəzası verilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, partiyadan verilən məlumata görə, Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli və Qoşqar Nuralı 2 il 3 ay, partiya üzvü Cabir Vəliyev isə 2 il azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin “xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiham olunublar.

Partiya bildirib ki, məhkəmə fəalları “siyasi ayrı-seçkilik nümayiş etdirərək, məhz müsavatçı olduqlarına görə” həbs edib.

Həbs cəzasına səbəb ötən il dekabrın 31-də Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının rayon ərazisindəki ictimai iaşə obyektlərinin birində keçirdiyi bayram yığıncağında insident baş verməsi olub.

“Müsavat Partiyası Biləsuvar təşkilatının fəallığını həzm edə bilməyən yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilmiş, onlara qarşı cinayət işi qaldırılmışdı. Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertiza tərəfindən təsdiq edilsə də, məhkəmə, təxribatçını cərimələməklə kifayətlənmiş, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarmışdır”, – bəyanatda bildirilir.

Partiya hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirib və fəalların dərhal azadlığa buraxılmasını tələb edib.

Editor

Related Posts