Today Bazar ertəsi, 23rd İyun 2025
Birinci 24

Birinci 24

Yeniyetmələrə qarşı polis zorakılığı iddiası: “Polisə bu ölkədə o qədər səlahiyyət verilib ki…”

Yeniyetmələrə qarşı polis zorakılığı iddiası: “Polisə bu ölkədə o qədər səlahiyyət verilib ki…”

Sosial şəbəkələrdə yeniyetmələrin polis zorakılığına məruz qalması ilə bağlı video görüntülər yayılıb.

Bloger Mehman Hüseynov iyunun 19-da video paylaşaraq iddia edib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları 14–15 yaşlarında olan beş uşağı zorla polis maşınına mindirib, fiziki zorakılığa məruz qoyub.

Polis əməkdaşları uşaqları qaranlıq bir yerə apararaq döyüblər, sonra isə bölməyə gətirib, valideynlərini çağıraraq, rüşvət qarşılığında sərbəst buraxıblar”, – Mehman Hüseynov bildirib.

İyunun 22-də isə o, hadisəni əks etdirən səs yazısı yayıb.

Səs yazısında polislər tərəfindən azyaşlılara qarşı qeyri-etik ifadələr və zorakılıq səhnələrinə dair səslər yer alıb.

Post-patrul maşınında baş verdiyi iddia edilən zorakılıq səhnələri sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri paylaşılan səs yazısının altındakı şərhlərdə ötən ay Gəncədə naməlum şəkildə həyatını itirən Elgün İbrahimovun ölümündə də polislərin adının hallandığını yazıblar.

Hüquqşünas Xalid Bağırov deyib ki, polisin səlahiyyətlərini aşması, zorakılıq və kobud davranış cinayət məsuliyyəti yaradır:

“Polisin nəinki azyaşlılara, ümumiyyətlə hər kəsə qarşı söyüş, təhqir və fiziki zorakılıq göstərməsi qanunla qadağandır. Uşaqlara qarşı zorakılıq isə daha ciddi məsələdir”.

Hüquqşünas bildirir ki, Azərbaycanda polisin özbaşınalığına qarşı cəza mexanizmi mövcud olsa da, təəssüf ki, qanun effektiv şəkildə tətbiq edilmir:

“Çünki polisə bu ölkədə o qədər geniş səlahiyyət verilib ki, özünü sistemin arxasında duran güc kimi görür. Buna görə də polis istədiyi kimi rəftar edir. Normal ölkələrdə isə polis vəzifə səlahiyyətlərini aşmaqdan tutmuş, işgəncə verməyə qədər bütün bu hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunur”.

Editor

Related Posts