Today Bazar ertəsi, 23rd İyun 2025
Birinci 24

Birinci 24

Gürcüstanda bir neçə siyasi lider bir gündə həbs olunub

Gürcüstanda bir neçə siyasi lider bir gündə həbs olunub

Gürcüstanda bu gün, iyunun 23-də daha bir neçə siyasi lider həbs olunub. Həbs olunanlar arasında “Girçi-Daha çox azadlıq” partiyasının lideri Zurab Caparidzedən başqa, “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze var.

“Lelo”nun lideri Mamuka Xazaradze 8 aylıq həbs cəzasına məhkum edilib.

Tbilisi Şəhər Məhkəməsi Mamuka Xazaradzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələblərini yerinə yetirməməkdə təqsirli bilib.

Hakim Zviad Şaradzenin qərarı ilə müxalifət lideri 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun 2 il müddətində vəzifə tutması qadağan edilib.

Hökmün elan edilməsində Xazaradze iştirak etməyib.

Qeyd edək ki, müxalif siyasətçi Mamuka Xazaradze Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılıb və getməkdən imtina edib. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb ki, bu da “Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək” deməkdir.

Məhkəmədə qərar elan olunan zaman Mamuka Xazaradze partiya ofisində brifinqdə olub. Həmin brifinqdə, o, “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişviliyə müraciət edib:

“Bir şeyi çox açıq şəkildə demək istəyirəm, bizim qətiyyətimizi, ruhumuzu və mübarizəmizi ləngidən və ya bizi güzəştə getməyə məcbur edəcək heç bir qüvvə yoxdur. Bu gün biz müxtəlif növ qərarlar və ya həbslər görə bilərik, amma hər hansı qərardan asılı olmayaraq, bu mesajı Bidzina İvanişviliyə çox açıq şəkildə göndərirəm. Məni və komandamı sizdən qorxuda biləcək heç bir qüvvə yoxdur. Mən bir daha deyirəm ki, ölkəmiz üçün, gələcək uğrunda mübarizə aparacağam”.

Partiyanın ofisində keçirilən brifinqdə Badri Caparidze də mediaya açıqlama verib.

“Bu, Mamukaya və mənə qarşı siyasi motivli işdir. Məqsəd müqavimətimizi qırmaqdır. Gəlin ölkəmizin gələcəyi uğrunda mübarizədə əl-ələ verək”, – deyə siyasətçi bildirib.

Badri Caparidze 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il dövlət vəzifəsində işləmək qadağan edilib. Qərarı hakim Zviad Şaradze açıqlayıb. Məhkəmədə Badri Caparidze iştirak etməyib.

“Gürcü Arzusu” partiyası fevralın 5-də Milli Hərəkat hökumətinin dönəmini öyrənmək üçün istintaq komissiyası yaradıb. Komissiyaya partiyanın liderlərindən olan Tea Tsulukiania rəhbərlik edir. Hakim “Gürcü Arzusu” partiyası “kollektiv milli hərəkatı” qadağan etmək istəyir. “Kollektiv milli hərəkat” dedikdə isə 2024-cü ildə parlament seçkilərində barajı keçən və mövcud hakimiyyətin legitimliyini tanımayan əsas müxalifət partiyaları nəzərdə tutulur.

Sabah, iyunun 24-də daha bir müxalifətçi Qiorgi Vaşadzenin hökmünün elan olunacağı gözlənilir. Məhkəmə eyni zamanda Nika Qvaramiya, Nika Melia və İrakli Okruaşvilinin işlərinə baxır.

Editor

Related Posts