İranın Qətərdəki ABŞ bazasına hücumu hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edilib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən və xəsarət alan olmayıb.
“The New York Times”ın məlumatına görə, İran itkiləri minimuma endirmək üçün ABŞ bazasına qarşıdan gələn hücumla bağlı Qətəri öncədən xəbərdar edib. Bildirilir ki, İran faktiki olaraq boş hərbi bazaya zərbələr endirib.
İranın Milli Təhlükəsizlik Şurası ABŞ-nin Qətərdəki bazasına zərbələr fonunda bəyanat yayıb.
Bəyanata əsasən, ABŞ-nin təcavüzünə qarşı raket cavabı tarazlığı bərpa etmək məqsədilə həyata keçirilib və atılan raketlərin sayı ABŞ tərəfinin İranın nüvə obyektlərinə zərbələr endirərkən istifadə etdiyi bombaların sayına uyğun olub.
Zərbə yaşayış məntəqələrindən uzaq ərazilərə endirilib və dost Qətər əhalisi üçün təhlükə yaratmayıb.
Bəyanatda həmçinin İranın Qətərlə isti və tarixi münasibətləri saxlamaq və inkişaf etdirmək öhdəliyi vurğulanır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəşərat əl-Fəth” hərbi əməliyyatının başa çatdığını və Qətərdəki Əl-Udeyd aviabazasına “güclü və dağıdıcı” raket zərbəsi endirdiyini elan edib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi bəyanatında deyilir.
“Biz İslam İranının düşmənlərinə xəbərdarlıq edirik – döyüş bitdi”, – SEPAH qeyd edib.
İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Eyni zamanda, ABŞ-nin İraqdakı bazaları da hədəfdədir.
Bildirilir ki, Doha səmasında hava hücumundan müdafiə sistemləri işə düşüb.
İranın dövlət televiziyası xəbəri təsdiqləyərək qeyd edib ki, İran Qətərdəki ABŞ bazalarına qarşı “Bəşarat əl-Fəth” əməliyyatına başlayıb.
Qeyd olunur ki, zərbə ABŞ Koalisiyasının Hava Əməliyyatları Mərkəzinin yerləşdiyi Əl-Udeyd Hərbi Hava Qüvvələri bazasına endirilib.