Today Cümə, 27th İyun 2025
Birinci 24

Birinci 24

Azyaşlılar və dini mərasimlər: “Valideyn öz övladını dini mərasiminə aparmaq istəyirsə, bu, onun hüququdur”

Azyaşlılar və dini mərasimlər: “Valideyn öz övladını dini mərasiminə aparmaq istəyirsə, bu, onun hüququdur”

Azərbaycanın Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə xəbərdarlıq yayaraq bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, xüsusilə təziyə məclislərinə apardığını bildirib və bu hallarda uşaqların fiziki və psixoloji təhlükəsizliyinin nəzərə alınmalı olduğunu vurğulayıb.

Rəsmi açıqlamada valideynlərdən bu cür kütləvi mərasimlərdə iştirakın “məqsədəuyğun olmadığını” nəzərə almaları xahiş edilir və qanunvericiliyə zidd hallara qarşı xüsusi həssaslıq göstərilməsi çağırışı edilir.

Lakin bu çağırış həm hüquq, həm din azadlığı, həm də uşaq hüquqları kontekstində bir sıra suallar doğurur.

Hüquqşünas: “Qadağanın sərhədləri aydın deyil”

Xalid Bağırov

Hüquqşünas Xalid Bağırov hesab edir ki, bu kimi ümumi və mücərrəd ifadələrlə yayımlanan qadağalar hüquqi qeyri-müəyyənliyə yol açır və sui-istifadə riski daşıyır.

O, bildirir:

“Əgər bir şiə əqidəsinə sahib valideyn öz övladını Aşura mərasiminə aparmaq istəyirsə, bu onun hüququdur. Dövlət açıq şəkildə izah etməlidir ki, qadağa nəyə aiddir: əzadarlıqmı, zəncir vurmağımı, sinə döyməkmi? Yoxsa sadəcə iştirakmı? Belə qeyri-müəyyənlik hüquqi baxımdan qəbuledilməzdir”.

Bağırov həmçinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına istinad edərək bildirir ki, valideynlərin öz dini baxışlarına uyğun şəkildə övladlarını tərbiyə etməsi onların fundamental hüququdur.

Onun fikrincə, bu kimi yanaşmalar Azərbaycanda şiə icmasına qarşı sistemli məhdudiyyət siyasətinin tərkib hissəsidir. O, xüsusilə Lənkəran kimi bölgələrdə Aşura mərasimləri zamanı keçirilən yürüşləri misal çəkərək qeyd edir ki, bu yürüşlər hökuməti narahat edir. Əslində isə bu narahatlığın kökündə sərbəst toplaşmaq azadlığı dayanır.

“Dövlət dini mərasimləri bəhanə gətirərək yürüş və toplaşma azadlığını məhdudlaşdırmağa çalışır”.

Bağırov əlavə edir ki, bu cür qeyri-müəyyən və məhdudlaşdırıcı yanaşmalar davam edərsə, yaxın gələcəkdə məscidlərin qarşısında polis nəzarətinin gücləndirilməsi, valideynlə gələn azyaşlıların məscidlərə buraxılmaması kimi hallar baş verə bilər.

Dindar: “Bu, şiə icmasına qarşı düşmən münasibətin davamıdır”

Ələmdar Bünyadov

Müsəlman Birliyi Hərəkatının Avropa üzrə nümayəndəsi Ələmdar Bünyadov isə bu məsələni daha geniş kontekstdə qiymətləndirir.

O bildirir ki, bu siyasət Azərbaycan hökumətinin şiə icmasına qarşı sistemli və düşmən münasibətindən qaynaqlanır:

“Bu, sadəcə dini mərasimlə bağlı deyil. Bu, uzun illərdir davam edən, şiəliklə özünü identifikasiya edən insanlara qarşı düşmən münasibətin tərkib hissəsidir. İndi isə uşaqlar bəhanə edilərək ailələrin dini hüquqları hədəf alınır”.

Ələmdar Bünyadov bu yanaşmanın həm də ikili standartlardan qaynaqlandığını deyir. O sual edir:

“Uşağın əza mərasimində böyüklərin yanında iştirak etməsi necə bir təhlükə yarada bilər ki, bunu yasaqlamaq lazım gəlsin? Axı bu insanlar da cəmiyyətin üzvüdür, bu mərasimlərdə iştirak uşağın tərbiyəsinə necə zərər verə bilər?”

Editor

Related Posts