İmişlidə məktəblilərin öldüyü qəzadan sonrakı etirazlara görə tutulanlara hökm oxunub

İmişlidə məktəblilərin öldüyü qəzadan sonrakı etirazlara görə tutulanlara hökm oxunub

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzayla bağlı baş verən etirazlardan sonra həbs olunanlara hökm oxunub.

APA-nın xəbərinə görə, iyulun 3-də İmişli rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin olunub.

İş üzrə təqsirli bilinən Nazim Əliyev 1 il, Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il, Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Canpolad Əliyevə 1 il, Hüseyn Cabbarlıya 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.

Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. 

Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu.

Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin xəstəxanaya yerləşdirildiklərini deyirdilər.

DİN-in və digər rəsmi qurumların məlumatında qəzanı törədən DYP əməkdaşı haqqında məlumat hələ də verilmir.

Editor

Related Posts