Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada YAP-ın 30 illiyi qeyd edilib

Culfa rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Culfa Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov bildirib ki, 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsidir. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil olub və bununla Azərbaycanın tarixində yeni dövr başlayıb.

Qadir İbrahimov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 1993-cü il fevralın 7-də yaradılıb. Hazırda rayon üzrə 51 ərazi ilk təşkilatı öz ətrafında 5 min 808 partiya üzvünü birləşdirir. Partiya üzvlərindən 1655-i gənc, 2 min 819-u qadınlardır. 1993-cü illə müqayisədə rayon üzrə partiya üzvlərinin sayı 12,9 dəfə artıb. Ötən dövrdə rayonun 19 kənd mərkəzində ərazi partiya təşkilatları üçün hərtərəfli iş şəraiti yaradılıb. 2010-cu ildə rayon təşkilatının yeni inzibati binası istifadəyə verilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi və qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, 30 il ərzində ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, ümumilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyası, iqtisadi inkişaf strategiyası və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həm partiyanın, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başladıb. Bu gün qalib dövlət kimi regionda yeni reallıqların yaradılması, işğaldan azad olunmuş Qarabağda geniş quruculuq işlərinin aparılması məhz Yeni Azərbaycan Partiyasının və onun qalib lideri olan İlham Əliyevin uğurlarıdır.

Siyam Hacıyev vurğulayıb ki, bu gün muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi kursu ləyaqətlə davam etdirilir. Son illərdə sosial-iqtisadi inkişafın təhlili göstərir ki, rayonda bütün sahələr yüksələn templə inkişaf etməkdədir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Veteranlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcovun, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayevanın və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının gənc üzvü Şölə Mirzəyevanın çıxışları dinlənilib.

Fərqlənən partiya üzvləri mükafatlandırılıb, partiya sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

admin

Related Posts