İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə qəbul olunan “Xankəndi Kommünikesi” sənədinin ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.
O, “Armenpress” xəbər agentliyinə bildirib ki, İran İƏT sədrliyini həyata keçirən Azərbaycana sənədlə bağlı qeyd-şərtlərini yazılı formada təqdim edib.
Səfirin sözlərinə görə, sənəd üzv dövlətlərin yox, yalnız təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini özündə əks etdirir.
“İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində qəbul edilmiş bəyanatla bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu kommunikenin bəzi müddəalarını, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını təlqin edən saxta anlayışları da qəbul etmirik’, – Sobhani deyib.
Onun dediyinə görə, bu cür ifadələr İranın Ermənistanla bağlı “prinsipial və uzunmüddətli mövqeyinə ziddir və nə təsdiq, nə də dəstəyə layiqdir”.
“İran Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləməyə davam edir və qarşılıqlı razılaşdırılmış prinsiplər əsasında sülh sazişinin imzalanmasının vacibliyini vurğulayır”’, – o əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə iyulun 9-da Sobhaniyə cavab verərək onun fikirlərini “qəbuledilməz” adlandırıb.
O, “Xankəndi Kommünikesi”nin “sammitin sədrinin xülasəsi formatında tərtib edilib təşkilatın veb-saytında dərc ediləcəyinin” İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığını deyib.
“Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb. Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir. Bununla əlaqədar, İran səfirinin Ermənistanın “Armenpress” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, – XİN sözçüsü əlavə edib.