Müsəlman Birliyi Hərəkatının sədri, 10 ilə yaxındır həbsdə olan ilahiyyatçı Taleh Bağırovun cəza rejimi ağırlaşdırılıb. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ilahiyyatçının 1 il müddətinə qapalı həbsxana rejiminə göndərilməsinə qərar verilib. Bu qərarı müəssisə rəhbərliyinin təqdimatı əsasında iyulun 18-də Qaradağ rayon Məhkəməsi çıxarıb.
T.Bağırovun yaxınları bildiriblər ki, son vaxtlar onu ard-arda 12 saylı Cəzaçəkmə Müəssisəsində cərimə otağına (karser) salandan sonra həbsxana rejiminə köçürüləcəyi gözlənilən idi. Bununla bağlı özünə də öncədən xəbərdarlıq edildiyi bildirilir.
Yaxınlarının deyirlər ki, T.Bağırov sözügedən cəzaçəkmə müəssisəsində yaşanan özbaşınalıqlara, özəlliklə məhkumların saxlandığı yataqxana binasının uçması nəticəsində bir nəfərin ölməsinə, onlarla insanın ölümünə etirazına görə cəzalandırılır: “Təqdimatda yazıblar ki, guya daxili intizam qaydalarına əməl etmir. 12 saylı müəssisənin bərbad vəziyyətdə olduğu deyilirdi, əhəmiyyət verilmirdi. Nəticədə yataqxananın biri uçdu, bir nəfər öldü. Nəticə çıxarmadılar. Bir müddət sonra daha biri uçdu. Yenə də adamları orada saxlayırlar. Belə özbaşınalıqlara etiraz edir”.
T.Bağırova iyunun 19-da üç gün, iyunun 22-də isə beş günlük “kars” cəzası verilib.
İlahiyyatçıya kəsilmiş 20 illik cəzanın 7 ilinin həbsxana rejimində çəkilməsi hökmdə göstərilib. O, cəzanın həmin hissəsini Qobustan həbsxanasında çəkdikdən sonra təxminən 3 il öncə 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.