Today Çərşənbə, 23rd İyul 2025
Birinci 24

Birinci 24

“Oğlumun qanı batmasın” – Şəmkirdə həlak olan əsgərin anası qətl şübhəsi ilə çıxış edir

“Oğlumun qanı batmasın” – Şəmkirdə həlak olan əsgərin anası qətl şübhəsi ilə çıxış edir

Şəmkirdə hərbi xidmətdə olan çavuş Sadiq Mirzəbəyov naməlum şəraitdə başından güllə yarası alaraq vəfat edib. Hadisə bu il iyulun 10-da baş verib.

Əsgərin anası Mədinə Hüseynova bildirib ki, ailəyə övladının ölümü ilə bağlı nə rəsmi, nə də inandırıcı izahat təqdim olunub. Onun sözlərinə görə, təqdim edilən məlumatlar ziddiyyətli və natamamdır. Ailə hadisənin obyektiv araşdırılmasını və məsələ ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını tələb edir.

“Sadiq 2006-cı ildə, mənim 40 yaşımda doğulub. 2024-cü ildə 18 yaşına çatanda hərbi xidmətə aparıldı. Mayın 20-də məzuniyyətə gəlmişdi. Hər şey qaydasında görünürdü. Mayın 30-da isə onu hərbi hissəyə yola saldıq”, – deyə ana bildirir.

Ananın sözlərinə görə, oğlunun ölüm xəbəri iyulun 10-da ailəyə çatdırılıb. Əvvəlcə onlara “özünə xəsarət yetirdiyi” bildirilib. Yarım saat sonra isə ölüm xəbəri verilib. Bundan sonra ailəyə təzyiq göstərilərək, nəşi dərhal götürmələri və dəfn etmələri istənilib.

“Bizə dedilər ki, nəşi tez götürün, iylənəcək. Hərbi hissədə oğlumun üzünü gördüm – güllə başının bir tərəfindən girib, o biri tərəfindən çıxmışdı. Gözlərindən biri sarğılanmışdı. Hadisənin necə baş verdiyini soruşmaq ağlımıza belə gəlmədi. Elə bir vəziyyətdə idik ki…”

Mədinə Hüseynova deyir ki, nəşin tibbi ekspertizası aparılıb, lakin nəticələr onlara təqdim olunmayıb. Onun sözlərinə görə, oğlunun ölümünün intihar kimi təqdim olunması qəbuledilməzdir:

“Mən tam əminəm ki, oğlumu qətlə yetiriblər. O, psixoloji cəhətdən sağlam idi, hərbi hissədən də heç bir şikayəti yox idi. Ölümündən sonra yuxuma girdi, mənə dedi: ‘Ana, məni öldürdülər’. Mənə bir sənəd uzadıb qol çəkdirdilər, sonra nəşi yardılar. Halbuki, ölüm səbəbi aydın görünürdü. Ardınca da tələsik dəfn etdik”.

Ailə hadisədən sonra hüquqi instansiyalara müraciət edib. Ana bildirir ki, iyulun 20-də Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokurorluğa və Hərbi Prokurorluğa teleqram vurub:

“Gözümün ağı-qarası bir oğlum vardı. Onun qanı batmasın. Ədalət tələb edirəm”.

Hazırda ailə, hadisənin ətraflı və qərəzsiz araşdırılmasını, ictimaiyyətə və ailəyə açıq və rəsmi izahat verilməsini istəyir. Onlar həmçinin mediaya üz tutaraq, bu məsələnin ört-basdır edilməməsinə çalışırlar.

Editor

Related Posts