Cənubi Qafqaz ölkələrində ipoteka kreditləşməsi sahəsində ciddi fərqlər müşahidə olunur.
Əhalinin mənzil təminatında ipoteka kreditlərinin rolu böyük olsa da, bu sahədəki inkişaf ölkələr üzrə fərqlidir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin mərkəzi bankının məlumatlarına əsasən xəbər verib.
O bildirib ki, Gürcüstan bu sahədə regionda lider mövqeyini qoruyub saxlayır.
“2025-ci ilin ilk yarısında ölkədə ipoteka kreditlərinin həcmi 4,3 milyard dollardan 4,6 milyard dollara yüksələrək 4,7% artım göstərib. Bu artım tempi Gürcüstanın ipoteka kreditləşməsində aparıcı rolunu bir daha təsdiqləyir”, – Əliyev yazıb.
İqtisadçının sözlərinə görə, Azərbaycan və Ermənistanda isə ipoteka portfeli eyni səviyyədə – 4,4% artım nümayiş etdirib. Lakin kredit portfelinin ümumi həcmi baxımından fərq nəzərəçarpacaqdır. Azərbaycan banklarının ipoteka kreditləri portfeli 2,6 milyard dollara çatdığı halda, Ermənistanda bu rəqəm 4 milyard dollara yüksəlib.
İyun ayının sonuna olan göstəricilərə əsasən, ipoteka kreditlərinin bankların ümumi kredit portfelindəki payı Gürcüstanda 18,8%, Ermənistanda 21,8%, Azərbaycanda isə 15,6% təşkil edib.
İqtisadçı əlavə edib ki, ən diqqətçəkən məqamlardan biri isə adambaşına düşən ipoteka kreditlərinin həcmi ilə bağlıdır: “Gürcüstanda bu rəqəm 1240 dollar, Ermənistanda 1289 dollar olduğu halda, Azərbaycanda cəmi 255 dollardır. Bu isə o deməkdir ki, əhalisinin sayı digər iki ölkədən təxminən üç dəfə çox olan Azərbaycanda adambaşına ipoteka kreditləri 5 dəfə azdır”.