Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) ilə Tbilisi–Bakı reysi üzrə bir nəfər üçün qiymət 1185-1282 AZN təşkil edir.
AZAL-ın rəsmi səhifəsində paylaşdığı məlumata görə, avqust ayının bütün günləri üzrə və sentyabrın 1-i də daxil olmaqla ekonom sinif üzrə bütün biletlər satılıb.
Avqustun sonuna qədər səyahət etmək istəyən şəxslər yalnız biznes paketi seçə bilərlər. Bu paket üzrə bir gedişin qiyməti isə 514 və 1190 AZN arasında dəyişir.
Tbilisidən Bakıya bir nəfər üçün təyyarə biletlərinin qiyməti 604 avro (5 avqusta olan məzənnəyə görə 1185 AZN) təşkil edir.
Bakı-Tbilisi reysi üzrə isə avqustun müəyyən tarixlərində ekonom və biznes paketlər mövcuddur. Bu qiymətlər ekonom üçün ( 1 nəfər, bir gediş ) 293 AZN və 155 AZN arasında dəyişir.
Biznes paketlər isə 1174 və 514 AZN arasında dəyişir. Halbuki AZAL-ın sosial mediada apardığı reklam kampaniyasında Tbilisi-Bakı üzrə reyslərin 80 dollardan başladığı qeyd edilir.
Ciddi narahatlığa səbəb qərar
İyulun 1-də Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib. Qeyd edilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycanda olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iyulun 31-dək Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.
Buna etiraz olaraq Gürcüstanda yaşayan azərbaycanlılar adından “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət edərək, qərarın Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında ciddi narahatlıq yaratdığını bildirib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar sərhəd keçmədən Azərbaycan Respublikası ərazisində uzun müddət yaşaması azərbaycanlıların iş, ev və bir çox məişət məsələlərinə təsir edərək onların sosial həyatında müəyyən dəyişikliklər yaradıb:
“Soydaşlarımız Gürcüstandakı evlərinə baş çəkə bilmədiyindən evlər 5 il ərzində yaşayış üçün əlverişsiz vəziyyətə düşüb, bir çox evlərdə təmir-bərpa işlərinə ehtiyac yaranıb. Digər tərəfdən, Azərbaycanda müvəqqəti yaşayan bu soydaşlarımızın əksəriyyəti kiçik maaşa işləyən və hər ay mənzil – kirayə haqqı ödəyən şəxslər olmasını, Bakı–Tbilisi–Bakı istiqamətində avibiletlərin bahalığını, habelə ailə üzvləri sayının 4-5 nəfərə yaxın olmasını nəzərə aldıqda bu soydaşlarımız üçün kifayət qədər ciddi maddi çətinliklər yaradır”.
Müraciətdə Gürcüstan vətəndaşı olan soydaşlarımızın sərhədkeçmə müddətinin cari ilin sonunadək uzadılması xahiş edilib.
İctimai Birliyin eyni məzmunda Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Arzu Nağıyevə müraciətində aviabiletlərin baha olması məsələsinə də toxunulub. Bakı-Tbilisi-Bakı aviabiletlərinin qiymətinin günün tələbinə optimallaşdırılması və Bakı-Tbilisi-Bakı dəmiryol qatarının işə düşməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılması da xahiş olunub.
“Kredit kartı ilə təyyarə bileti aldım”
Elman Əsədov (ad və soyad şərtidir) Gürcüstan vətəndaşı olmasına baxmayaraq, bütün həyatını, işini Bakıda qurub və ailəsi ilə birlikdə hazırda Bakıda yaşayır.
Əsədov bildirib ki, yeni müraciət onu ailə üzvləri ilə birlikdə sərhədi keçməyə məcbur edib. Onlar quru yolla sərhədi Gürcüstana keçə bilsələr də, geri qayıtmaq üçün hava nəqliyyatından istifadə etməlidirlər. Sərhədlər bağlanandan təyyarə fobiyası olan Əsədov bir dəfə olsun Gürcüstana, öz doğulduğu kəndə və valideynlərini ziyarətə gəlməyib. Hətta anası 2020-ci ildə Gürcüstanda rəhmətə gedib. O, təyyarə qorxusuna görə sonradan da anasının qəbrini ziyarət edə bilməyib. Hazırda isə bu qanuna görə sərhədi keçməyə məcbur olub. Quru yolla sərhədi keçən Elman Əsədov geriyə dönüş üçün yoldaşı və özü üçün kredit kartı ilə təyyarə bileti alıb. Bir müddət öncə aldıqları üçün yoldaşı ilə birlikdə ümumi 604 AZN biletə ödəniş ediblər. Lakin övladı üçün bilet almayıb. Hazırda övladı üçün geridönüş bileti almaq istəsə də buna gücü çatmır.
“Avqust ayı üzrə geridönüş bileti almaq istəyirik. Lakin qiymətlər bizə heç uyğun deyil. Ekonom bilet ümumiyyətlə mövcud deyil və biznes üzrə qiymət isə bizim büdcəmizdən çox artıqdır. Bir nəfər üçün gediş 1190 AZN-dən çoxdur. Mənim heç aylıq gəlirim o qədər deyil. İndi bilmirik nə edəcəyik. Oğlum də Bakıda işləyir və avqust ayı boyunca Gürcüstanda qalmaq bizə sərf etmir. Ona görə məcbur olub sentyabr ayını gözləməli olacağıq ki, biletin qiyməti düşsün”, – deyə, Əsədov bildirib.
“Aviabiletlərin belə baha olmasının səbəbi rəqabətsizliklə bağlıdır”
İqtisadçı Natiq Cəfərli Gürcüstan və Rusiyaya olan reyslərin belə bahalı olmasının quru sərhədlərinin bağlı olması ilə birbaşa əlaqəli olduğunu bildirib.
İqtisadçı hesab edir ki, quru sərhədlərinin bağlı olması Azərbaycanda iqtisadiyyata, turizmə, ümumiyyətlə insanların psixoloji durumuna da mənfi təsir göstərən amildir və sərhədlər açılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan quru sərhədləri açıq olduğu dövrdə də öz təhlükəsizliyini təmin edən güclü dövlətdir.
Ekspert əsas səbəbin bazardakı rəqabətsizliklə əlaqəli olduğunu deyib:

“Aviareyslərin bahalı olmasının bir neçə səbəbi var. Əlbəttə quru sərhədlərinin bağlı olmasının da buna təsiri var. Amma tək səbəb bu deyil. Quru sərhədlərinin bağlı olması əsasən Gürcüstan və Rusiyaya olan gediş-gəliş qiymətlərinə təsir edir. Amma Avropa, Asiya, Ərəb Ölkələrinə uçuş qiymətlərinə quru sərhədlərin bağlı olmasının təsiri yoxdur. Aviabiletlərin belə baha olmasının səbəbi rəqabətsizliklə bağlıdır. Son zamanlar Azərbaycan bazarına bir neçə xarici aviaşikətlərin daxil olmasına şahidlik etdik. Bu, pozitiv inkişafdır. Müəyyən dərəcədə rəqabəti artıran məsələdir, amma hələ də AZAL-ın dominatlığı var. Yəni, Azərbaycandan sərnişindaşımada AZAL yarıdan çox paya, yəni 50 faizdən çox paya malikdir. Gürcüstanda isə «Georgian Airways» cəmi 6-7 faiz paya sahibdir. Azərbaycanda bu sahədə rəqabət nə qədər güclü olsa bilet qiymətlərində də tənzimləmənin şahidi olarıq”, – deyə Natiq Cəfərli qeyd edib.
AZAL Bakı-Tbilisi-Bakı aviabiletinin bahalaşması iddiası ilə bağlı bugünki açıqlamasında sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edib.
Oxu.az-ın sorğusuna cavab olaraq müəssisədən gələn açıqlamada hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və yalnız biznes sinif yerləri qaldığı üçün qiymətlərin kəskin artması müşahidə olunduğu qeyd edilib.
AZAL-dan o da qeyd edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq aviaşirkət texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq.